Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə Dövlət Gömrük Komitəsində anım mərasimi keçirilib.
Teleqraf.com-a verilən məlumata görə, mərasimdən əvvəl ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, xalqımız dahi rəhbərin əziz xatirəsini unutmur, daim onun ideyalarına böyük sədaqət nümayiş etdirir.
Qeyri-adi şəxsiyyət, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib.
Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın azad və müstəqilliyini əbədi yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi xəzinədir. Bildirilib ki, Heydər Əliyev təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətlə sözünü deyə bilən mahir siyasətçi idi.
Komitə sədri qeyd edib ki, dahi rəhbərin ideyaları bu gün də yaşayır. İstər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət, istər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ulu öndərin ideyalarının həyatda vəsiqə qazanması, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
S.Mehdiyev vurğulayıb ki, Azərbaycan gömrük orqanları da məhz ulu öndərin uzaqgörən siyasəti, yüksək idarəçilik qabiliyyəti sayəsində mühüm dövlət təsisatlarından birinə çevrilib və ölkəmizin gömrük əməkdaşları Heydər Əliyev ideyalarına daim sadiqdirlər.
Sonra çıxış üçün söz tədbirə dəvət olunmuş Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyliyə verilib.
Millət vəkili çıxışında ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açıb. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin həyata keçirdiyi uğurlu və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi, siyasi, mədəni və elmi sahələrdə ciddi nailiyyətlər əldə olunub. Azərbaycanı və onun müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edən Ümummilli Lider, ölkəmizdə ictimai-siyasi sabitliyi bərpa etməklə yanaşı, onun davamlı və dayanaqlı inkişafının təməllərini atıb.
O da qeyd olunub ki, dahi rəhbərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmiz regionun lider dövlətinə çevrilib, həyata keçirilən qlobal və regional layihələr nəinki Azərbaycanın, o cümlədən regionun inkişafında mühüm rol oynayıb.
Sonda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.