14 Fevral 2019 15:44
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

XI Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalına (12-16 fevral) Azərbaycan da qatılıb.

Kult.az xəbər verir ki, festivalda ölkəmizi Səlim Babullaoğlu, Fərid Hüseyn və Aqşin Evrən təmsil edir.

Bu il Azərbaycan festivalın Fəxri qonağı elan edilib. 15 fevralda İnsan Kitabevi Bəyoğluda Azərbaycan ədəbiyyatına həsr edilmiş “Modern Azərbaycan poeziyasının vəziyyəti” adlı xüsusi müzakirə paneli keçiriləcək. Məhməd Can Doğanın moderatorluğu ilə keçiriləcək tədbirdə azərbaycanlı şairlər çağdaş poeziyamızla bağlı məruzələr oxuyacaq, oxucuların suallarına cavab verəcəklər. Bundan başqa, festival müddəti ərzində şairlərimiz müxtəlif mədəniyyət mərkəzləri, muzey və kitabxanalarda şeirlərini səsləndirəcəklər.

Beş gün davam edəcək festivalda 12-si əcnəbi, 11-i türkiyəli olmaqla ümumilikdə 23 şair iştirak edir. Beynəlxalq təmsilçilər arasında yuxarıda adı çəkilən üç azərbaycanlı şairdən başqa digər nümayəndələr bunlardır: Əsma Əzizə (Fələstin), Dannybal Reyes Umbria (Venesuela), Ermir Nika (Albaniya), Kristina Töth (Macarıstan), Lüdmila Dyadçenko (Ukrayna), Meritxell Cucurella – Jorba (İspaniya), Seida Beganoviç (Bosniya Herseqovina), Vladimir Martinovski (Makedoniya).

Qeyd etdiyimiz kimi, festivala Türkiyənin də tanınmış yazarları (İsgəndər Pala, Çağla Meknuzə, Çiğdəm Sezər, Gökhan Ağçiçek, Hüseyn Akın, İsmayıl Qaraqurd, Məhməd Can Doğan, Oğulcan Kütük, Sədi Qaradəmir, Rüstəm Aslan, Seval Şahin) qatılıblar.

Festivalın rəhbəri görkəmli Türkiyə şairi Adnan Özerdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər