10 Aprel 2019 16:10
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası Bakıda şagirdin məktəb binasından özünü ataraq intihar etməsi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, müraciətin mətnində deyilir:

"Son günlər bəzi internet media reruslarında və müxtəlif sosial şəbəkə profillərində162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ətrafında çoxsaylı materiallar yayımlanmaqdadır. Əlbəttə, ikincilərin hadisənin həssaslığına diqqət yetirməməsi müəyyən mənada anlaşılandır. Ancaq medianın reytinq naminə məsələ ilə bağlı spekulyasiyası qətiyyən yolverilməzdir. Mətbuat Şurası olaraq biz dəfələrlə mövcud istiqamətdə tövsiyələr vermiş, belə yanaşmanın cəmiyyət üçün qeyri-məqbul tərəflərini diqqətə çatdırmışıq.

Bir daha bəyan edirik ki, intihar hallarına dair materiallar yayımlayarkən hadisənin cəmiyyətdə doğuracağı reaksiyanı düşünmək mütləqliyi jurnalistikanın təməl prinsiplərindən irəli gəlir. Ümumən jurnalistikanın prinsipləri tələb edir ki, faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə olaylara cəlb edilmiş uşaqların və yeniyetmələrin kimliyi mütləq qorunmalıdır, onların foto şəkilləri, video-görüntüləri yayılmamalıdır".

Məlumatda təəssüflə qeyd olunub ki, Elina Hacıyeva ilə bağlı məsələdə bu tələbə əməl edilmədi: "Hazırkı durumda bəzi media orqanlarının yanaşması baş vermiş hadisənin ictimai əhəmiyyətlilik dərəcəsini diqqətə çatdırmaq istəyi sayıla bilməz. Nəzərə almaq lazımdır ki, hadisədə bir şəxsin və onun yaxın ətrafının zərər çəkməsi ilə yanaşı, hadisə ilə bağlı təqdimatları izləyən digər cəmiyyət üzvlərinin, xüsusən də Elinanın həmyaşıdlarının mənəvi zərərlə üzləşməsi, sarsıntı keçirməsi kimi həssas məqamlar var.

Bəzi media orqanlarında E.Hacıyevanın foto-görüntüləri ilə yanaşı, onun intihar anını əks edildiyi iddia olunan video-görüntülər də yayımlanmaqdadır. Burada əlaqədar qurumlar üzərinə düşən vəzifələrin icrasında məsuliyyətli davranmalıdırlar. Cəmiyyətin informasiya almaq hüququnu məhdudlaşdırmamaq şərtilə gənclərlə və yeniyətmələrlə bağlı faciələrin, intihar hallarının doğura biləcəyi reaksiya onlar tərəfindən də düzgün hesablanmalı, hansı foto, yaxud video-görüntünün yayıla biləcəyinin mümkünlüyü ciddi nəzərə alınmalı, həmin görüntülərin insanlara təsirinin tərəfləri yetərincə dəyərləndirilməli, spekulyasiyalar üçün meydan verilməməlidir. Bu iş peşəkar qurulmalı, hansısa inzibatçılıqla aparılmamalı, yalnız qanunçuluğa söykənməlidir.

Azərbaycan Mətbuat Şurası bir daha internet media resurslarının təmsilçilərinə müraciət edərək onları öz üzərilərinə düşən missiyaya həssas yanaşmağa, qeyd etdiyimiz məsələləri mütləq qaydada nəzərə almağa çağırır".


Müəllif: Səxavət

Oxşar xəbərlər