Aprelin 16-da it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilən 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun hazırda vəsiyyəti stabildir. Onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam edir. Xəstə peşəkar tibb işçilərinin nəzarəti altındadır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliyə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər.
Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100 faiz ölümlə nəticələnir. Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:
• insanların yoluxmasında əsas mənbə itlərdir;
• xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;
• insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.
• xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.
Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.