3 May 2019 17:19
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində Əli İnsanov həbsdən çıxandan sonra verdiyi açıqlama ilə gələcək “fəaliyyəti”nin konturlarını da açıqlamışdı, tələm-tələsik “Qərbə təşəkkür, xalqa minnət” dolu ritorikası ilə bundan sonra kimə və nəyə xidmət edəcəyini ortaya qoymuşdu. Açığı, mənim üçün gözlənilən idi ki, o, müsahibəsini də “Amerikanın səsi”nə verəcək, bir daha Qərbə təşəkkür edəcək, hətta müsahibə boyunca sitatlar gətirdiyi şxəslər də elə ABŞ, Qərb siyasətçiləri olacaq. Dövlət başçısına təşəkkür etməli idi, özü də xüsusi formada. Özünün də dediyi kimi “çölə çıxmağa ümidi” yox idi, humanist qərar bu qoca, ahıl, dişsiz adamı dörd divar arasından xilas elədi. Amma... Sığınacağı kimsə olmadığına görə də, qarşısında öhdəlik götürdüyü Qərbin Anti-Azərbaycan dairələrinə təşəkkür etmədən fəaliyyət də göstərə bilməyəck, çünki açıq şəkildə bəyan edir ki, “mənə Qərb dəstək verir, onlar nə deyirsə, onu da edəcəm...”. Nə isə, bu barədə daha sonra, keçək Əli insanovun sonuncu müsahibəsinə...

Ə.İnsanov deyir: “1946-cı il martın 5-də Uinston Çorçillin Amerikada çıxışı soyuq müharibənin başlanğıcı oldu. Qısa müddət sonra bu məsələni öz nəzarətlərinə götürdülər, uzaqgörənliklə bu məsələnin bütün strukturlarını yaratdılar. Bu işi davam etdirmək üçün yeni, çox cəsarətli, ağıllı ehtiyac yarandıBu, Amerika prezidenti D.Reyqan oldu (1981-1989). Reyqan soyuq müharibəni başa çatdırdı, SSRİ-ni məhv etdi”. Deməli, bu açıqlamadan Ə.İnsanovun əsl məqsədi açıq görünür, böyük iştahla danışdığı bu məsələlər üzərində o, öz missiyasını əks etdirməyə çalışır, özünü “Reyqan rolu”nda təqdim etməyə və hər kəsi də inandırmağa çalışır ki, nəinki regionda, hətta dünyada baş verən mənfi prosesləri, soyuq mühqaribənin yeni dalğasını yalnız o dayandıra bilər, Azərbaycanda da ədalətli cəmiyyəti yalnız o qura bilər. Bir az da irəliləyib özünün “seçilmiş”, “cəsarətli”, “ağıllı” lider kimi qələmə verməyə cəhd edir. Düzdür, o, bu fikirləri ilə həm də özünü daha məlumatlı adam kimi təqdim etməklə, həm də dolayısı ilə həbsdə oxuduğu kitabların təqdimatını verir. Başqa heç nə! 73 yaşlı bir qocanın bu qədər sadəlövh olması, insanda təəccüb hissi yaradır. Bu adam özünü təkcə Azərbaycanın yox, bütün dünyanın “lideri” kimi təqdim etməyə çalışır və maraqlısı odur ki, danışdığı bu nağıla özü də inanır. Atalar yaxşı deyib, yalanı daha çox danışdıqca, artıq özün də o yalana inanmağöa başlayırsan.
Bəs Əli İnsanou danışdıran nədir?
Məlumdur ki, Azərbaycan dövlətinin qarşısında çox mühüm prioritet məsələlər dayanır, bu həm daxili, həm də xarici siyasətlə bağlıdır. Ölkədə həyata keçirilən sosial layihələr əhalinin maddi rifah halının sürətklə yüksəldilməsinə xidmət edir, aparılan xarici siyasət isə Azərbaycana mühüm post qazandırıb. Atılan uğurlu addımlar sayəsində anti-Azərbaycan qüvvələrin ölkəmizlə bağlı qurduğu mənfur planlar da deşifrə edilib, xüsusilə də, Qərbin anarxist, təxribatçı dairələrinin ölkəmizə yönəlik bütün məkrli planları elə beşiyindəcə boğulub. Heç şübhəsiz ki, həmin anti-Azərbaycan qüvvələr torpaqlarımızı işğal etmiş Ermənistanın lobbi təşkilatları və “ASALA” kimi terrorçu təşkilatlarla birləşərək dövlətimizə qarşı hücuma keçirlər. Bu o deməkdir ki, Azərbaycanda dəyişiklik etmək, xalqın iradəsini sındırmaq, ölkəmizi rəsmən çökdürmək üçün terrordan da istifadə edə bilərlər. Və bunu üçün ilk növbədə “sapı özümüzdən olan baltalar” gərəkdir. Bu isə, primitiv, dünya təcrübəsində bu gün qismən işlək (artıq meyarlar dəyişib) və zorakı taktikadır. Baxın, Ə.İnsanov deyir: “Ölkədə yeni siyasi qurum yaradacağıq”. O da məlumdur ki, bir sıra siyasiləri öz yanına gətirmək üçün Ə.İnsanov böyük məbləğdə pullar xərcləyir. Bu adam bu qədər pulu hardan alır, ümumiyyətlə, pulla ələ alınan şəxslərlə birlikdə yaradılan siyasi qurum kimə xidmət edə bilər? Bu adam gizlətmir də: Qərb-Qərb-Qərb! Bəs Qərbi, Amerikanı, BMT-ni, AŞ-ı Qarabağın işğalı faktına görə susmaqda, lal olmaqda ittiham edənlər – Ə.İnsanovla eyni mövqedə olanlar indi onların əlaltısına, qulbeçəsinə çevrilməsinə nə deyirlər? Milli qeyrətmi önəmlidir, şəxsi qeyrətmi? Qərbin təxribatçı dairələri Ə.İnsanovun da limiti bitənə qədər ondan istifadə edib “odnarazvı” stəkan kimi kənara atacaqlar. Ortada xeyli sayda təcrübələr var: Əli Kərimlini illər öncə “lider” düzəltmişdilər, istifadə olundu, bitdi, sonda bütün ümidlərini öldürüb oğlunu Avropada mənzilləyib sosial təminat verdilər, məsələ o qədər “papka”laşdı ki, Ə.Kərimlinin oğlu doğma vətənində hərbi xidmət də keçmədi. Ə.İnsanov deyir: “”Milli şura” ilə birləşmək yox, əməkdaşlıq etmək olar”. Baxın, Ə.İnsanovun yaradacağı təşkilatdan əvvəl yaranan bütün siyasi təşkilatların, koalisiyaların, birliklərin də ilk rekasiyası bu idi: “... birləşmək yox, əməkdaşlıq etmək olar”. Ə.İnsanov necə təlimat alıbsa, “Azərbaycanın xilası yalnız Qərblə əməkdaşlıqdan keçir” deməklə, özü də bilmədən başqalarının mesajını çatdırır. Əvvəla, Azərbaycan elə bir çətin durumda deyil ki, bir ay övvəl azadlığa çıxan bir adam ölkəni xilas eləsin. Necə deyərlər, Azərbaycan dünyanın ən böyük inkişafa malik, sülh-əmin-amanlığın hökm sürdüyü ölkələrindən biridir. Nəzərə alsaq ki, Azərbaycanın qonşu dövlətlərlə olan münasibətləri günbəgün daha da yaxşılaşır, məhz dövlətimizin həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr sayəsində region ölkələri dünya arenasına çıxış əldə edə bilirlər, digər tərəfdən isə, işğalçı Ermənistan tam “nokaut” vəziyyətdədir. Yəni Qərbin ölkəmizdə iqtisadi və siyasi rıçaqlar, bazalar yaratmaq cəhdləri boşa çıxdığına və bununla bağlı bütün ümidləri sıfırlandığına görə, yeni siyasi “lider”lə ölkə siyasi gündəmində çaşqınlıq yaratmağa çalışırlar. Ə.İnsanov isə təsadüfən seçilməyib. O, ən böyük korrupsioner məmur kimi həbs edilmişdi, etdiyi cinayətləri etiraf etmək əvəzinə özünü haqlı hesab edərək qisas almağı düşünür. Və hesab edir ki, hakimiyyətdə təmsil olunan hər kəsdən qisas alacaq. Amma hədəf təkcə məmurlar deyil, həm də xalqdır. Məsələn, ona ünvanlanan “Siz regionçu imicə maliksiniz” replikasına
“Mən ermənistanlı olduğum danmıram, insan əvvəlcə öz anasını sevməlidir, sonra qonşu anaları” deməklə əsl mahiyyətini ortaya qoyur. Əvvəla, vətən bütövlükdə anadır, ananı hissələr bölməzlər. İkincisi, doğulduğun torpağa “doğma ana”, digər torpaqlarımıza “qonşu, ögey ana” demək hansı məntiqə sığır?

Qocanın qisasçılığı nə vəd edir?

Qədim yunan alimləri qisasçılığı “insan hərəkətinin ən axmaq trayektoriyası” adlandırır, belələrini cəmiyyət üçün ən təhlükəli insan hesab edirdilər. Nizam Əl-Mülkün “Siyasətnamə”sində qisasçı siyasətlərin aqibəti oturduğu ağacın budağını kəsən insanın aqibətinə oxşadılır. Makiavelli siyasətçinin ağıllı və təmkinli olmasının vacibliyini vurğulayıb qisasçı adamların siaysətlə məşğul olmamasını məsləhət bilirdi. İzah edirdi ki, qisasçı siyasətlə məşğul olacaqsa, həm özünü, həm ətrafındakıları yuvarlayıb dərəyə atacaq. Ə.İnsanov həkimdir, Hitler zad deyil, sadəcə qisasçılıq anlayışına bir az irimiqyasda münasibət bildirməli olsaq, izah etməliyik ki, Almaniyanın 1918-ci ildəki məğubiyyətindən doğan qisasçılıq, revanşizm meylləri onun 1945-ci ildə növbəti, amma bu dəfə daha ağır məğlubiyyətini şərtləndirmiş oldu. Almaniya dünənə qədər qalib dövlətlərə təzminat ödəyirdi. Ə.İnsanov siyasətə vaxtilə təmsil olunduğu komandadan, hakimiyyətdən qisas almaq üçün gəlir. Bu isə ona başucalığı gətirməyəcək, acı məğlubiyyət qaçılmazdır, özündən müştəbehlik iflasa məhkumdur. Ələlxüsus, qərbin maşası kimi ölkəyə “demokratiya”, “firəvanlıq” vəd etmək bu şəxsin özü üçün fəlakət gətirəcək. Onsuz da kirlənmiş, korrupsioner obrazını daha dərinləşdirmiş olacaq. Onun “idealları” uğrunda atdığı addımlar isə, Azərbaycan dövlətinə heç bir zərbə vura, xalq-iqtidar birliyini sarsıda bilməyəcək.

Samir Feyruz


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər