Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146), Kommutator xidmətinə daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2014-cü ilin avqust ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Teleqraf.com xəbər verir ki, statistikaya əsasən, Telefon Məlumat Mərkəzinə 6947 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə çox) və Kommutator xidmətinə 3000-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 6667 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 1243 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1303 sənədlər (926 ərizə, 259 məktub, 118 digər sənədlər) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, təhsil sənədlərinin alınması, diplomların tanınması, uşaqların vaxtından əvvəl I sinfə qəbulu, xaricdə təhsil üzrə dövlət proqramı və ali təhsil ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1738 zəng) və cümə (1539 zəng) günləri, əsasən, saat 09:30-dan 11:30-dək və 14:30-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1642 müraciət) və cümə (1538 müraciət) günləri, əsasən, saat 10:30-dan 12:30-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
NİGAR