3 İyun 2019 12:45
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda oturacaq yerlərinin sayı səkkizdən artıq olan avtobuslar taxoqrafla təchiz olunacaq.

Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda deyilir.

Qaydaya əsasən, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə səkkizdən artıq olan, maksimum kütləsi beş tondan artıq olmayan (M2 kateqoriyası) və beş tondan artıq olan (M3 kateqoriyası) avtobuslar, yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası) və yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası) taxoqrafla təchiz olunacaq.

Məqsəd ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkilidir.

Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri, daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri, icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri və taksi minik avtomobillərinin taxoqrafla təchiz edilməsi tələb olunmur.

Qeyd edək ki, taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər