Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” 31 may-2 iyun tarixlərində Xaçmaz rayonunda “Sığorta hüququ və onun tətbiqi qaydaları: Beynəlxalq qanunvericilik və təcrübə” mövzusunda jurnalistlər üçün seminar kursu keçirib.
Teleqraf.com xəbər verir ki, kursun əvvəlində çıxış edən GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”nın əməkdaşı Şakir Səfərbəyov seminarın məqsədləri, gözlənilən nəticələr və metodologiya ilə bağlı iştirakçıları məlumatlandırıb. O, daha sonra sözü seminarın aparıcısına – Vəkillər Kollegiyasının üzvü, sığorta hüququ üzrə ekspert Tahir Əliyevə verib.
T.Əliyev Azərbaycanın sığorta qanunvericiliyi ilə bağlı məlumat verib. Bildirib ki, sığorta ilə bağlı məsələlər əsasən Mülki Prosessual Məcəllə ilə tənzimlənir. Bundan əlavə, bu sahədəki münasibətləri tənzimləyən bir sıra qanunlar və normativ hüquqi aktlar mövcuddur. Ekspert qeyd edib ki, 2000-ci ildən indiyədək sığorta qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Bu isə xoşagəlməz haldır. T.Əliyev bu sahənin spesifik sahə olduğunu bildirib. Əlavə edib ki, hətta, bəzən vəkillər, hüquqşünaslar və hakimlər də bu sahə üzrə müxtəlif mübahisəli məqamlarda çətinlik çəkirlər:
“Bu mənada jurnalistlər də istisna deyil. Onların yazılarında sığorta münasibətlərinin subyektlərinin tez-tez qarışıq salınması hallarına rast gəlinir”.
Ekspert seminarın jurnalistlərin bu sahə üzrə biliklərinin artmasına səbəb olacağına ümid etdiyini bildirib.
T.Əliyev tibbi sığorta, icbari sığorta və kasko sığortanın fərqi, təkrarsığorta, şərikli sığorta, qrup halında sığorta, ikili sığorta, qismən sığorta və azadolma məbləği kimi məsələlərdən bəhs edib. Baza bilikləri əldə etdikdən sonra iştirakçıların onlara məhkəmə predmeti olmuş kazus üzrə sığorta ödənişinin edilib-edilməyəcəyinə dair fikirləri soruşulub. İştirakçıların fikirləri haçalanıb. Onlar “edilməlidir” və “edilməməlidir” deyə iki qrupa ayrılıb. Hər qrup öz fikirlərini bəndlər üzrə əsaslandırıb.
“Sığorta müqaviləsinin bağlanma şərtləri” mövzusunun təqdimatı zamanı müqavilənin forma və məzmunu, sığorta haqqı və məbləği, sığorta qaydaları və digər məqamlardan bəhs olunub. Bu zaman bildirilib ki, sığorta müqaviləsi olduqca abstrakt müqavilədir. Bu müqavilə üzrə şərtləri tərəflər özləri müəyyən edirlər.
“Sığorta hadisəsi” mövzusunun təqdimatı zamanı isə sığorta hadisəsi barədə məlumatlandırma, zərərin qiymətləndirilməsi, həmçinin icbari sığorta növləri və müqavilənin bağlanma şərtləri barədə danışılıb. Vəkil bildirib ki, sığorta şirkətləri bir qayda olaraq sığorta hadisəsi zamanı zərəri dəyərindən aşağı qiymətləndirməyə çalışırlar. Bəzən isə əksinə olur. Vətəndaş sığorta şirkətini aldatmağa cəhd göstərir. Hətta, rayonların birində sığorta şirkətindən məlumatları saxtalaşdırmaq yolu ilə ödəniş tələb edən vətəndaşın bu əməli məhkəmə araşdırması zamanı dəlillərlə ifşa olunub. Sonradan vətəndaş barədə dələduzluq maddəsi üzrə cinayət işi başladılıb. T.Əliyev bildirib ki, ona görə də sığorta hadisəsi baş verən zaman hər iki tərəfin ədalətli və vicdanlı davranmasına ciddi ehtiyac var.
Daha sonra müxtəlif kazuslar və məhkəmə mübahisələrindən misal gətirilməklə interaktiv müzakirə təşkil olunub.
Seminarın bağlanış mərasimində çıxış edən GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı”nın əməkdaşı Şakir Səfərbəyov iştirakçılara və ekspertə təşəkkür edib. O qeyd edib ki, Azərbaycanla hüquq sahəsində əməkdaşlıq edən GİZ-in jurnalistlər üçün seminarlar keçirməkdə məqsədi onların hüquqi biliklərinin artırılmasıdır. Ş.Səfərbəyov təklif edib ki, payız aylarında keçirilməsi nəzərdə tutulan növbəti seminarın mövzusu jurnalistlərin öz təklifləri əsasında müəyyənləşdirilsin.
Müxtəlif KİV-ləri təmsil edən 20-yə yaxın jurnalistin iştirak etdiyi seminar interaktiv müzakirə şəklində keçib. Seminara Teleqraf.com saytının əməkdaşı da qatılıb.