12 İyun 2019 12:22
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada “Xəzər hövzəsi ölkələrinin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri” mövzusunda çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, Xəzəryanı ölkələrin birgə səylərinin artırılmasında “beyin mərkəzləri”nin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib. Həmçinin, bildirib ki, iqtisadi təşəbbüslərin sistemli və effektiv nəticələnməsi üçün “beyin mərkəzləri”inin rolu müstəsna xarakter daşıya bilər.

F.Şəfiyev Xəzəryanı ölkələlə əməkdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Xəzəryanı ölkələr arasında ən çox “beyin mərkəzləri”nə malik ölkələr Rusiya və İrandır:
“Bu da təbiidir. Çünki digər 3 ölkə - Azərbaycan, Qazaxıstan və Türkmənistan yeni müstəqillik qazanmış ölkələrdir”.

F.Şəfiyev daha sonra deyib:

“Bir çox ekspertlər qeyd edirdilər ki, Xəzəryanı ölkələr arasında konvensiyanın imzalanması mümkün olmayacaq. Amma konvensiyanın imzalanması bu iddiaları alt-üst etdi".

Milli Məclisin deputatı, professor Hikmət Baboğlu “Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi” mövzusunda etdiyi çıxışı zamanı qeyd edib ki, hazırda olduqca mürəkkəb beynəlxalq münasibətlər sistemində yaşayırıq:

“Biz görürük ki, ayrı-ayrı ölkələr maraqlarının həyata keçirilməsində çətinliklərlə üzləşirlər. Ona görə də ölkələrin öz maraqlarını uzlaşdırması vacibdir”.

H.Babaoğlu qeyd edib ki, Xəzərdə əməkdaşlığın əsası 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub:

“Bu layihə və ondan sonrakı layihələr təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün yeni perspektivlər yaratdı. Bu əməkdaşlıqdan digər ölkələr də bəhrələnirlər. Hazırda Azərbaycan Şimal-Cənub və “Bir kəmər, bir yol” layihəsi çərçivəsində bu regionun ölkələri ilə geniş əməkdaşlıq edir. Bu istiqamətdə Ələtdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı inşa olunub”.

H.Babaoğlu Xəzəryanı ölkələr arasında birgə turistik layihələrin həyata keçirilməsinin region ölkələrinin hər birinin maraqlarına cavab verəcəyini bildirib:

“Düşünürəm ki, avqustun 12-də qardaş Türkmənistanın Avaza şəhərində keçiriləcək forumda “beyin fırtınası” baş verəcək və bütün ölkələr bundan yararlanacaq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər