Yalnız qazanxanalara verilən qaz təchizatının dayanması ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Azəriqaz İstehsalat Birliyinə olan borcundan danışmaq mümkündür.
Bunu Teleqraf.com-a Azəriqaz İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib.
Bu ayda Azəriqaz İstehsalat Birliyinin paytaxt və bəzi bölgələrdə qaz təchizatını dayandırması ilə bağlı məlumatlar yayılıb. Qurumdan bu prosesin davam edəcəyinin gözlənilən olduğunu da bildiriblər.
Ceyhun Səfərovun sözlərinə görə, paytaxtda və digər bölgələrdə qaz təchizatının dayandırılmasının müxtəlif səbəbləri var:
“Qazpaylayıcı stansiyasının xidmət sahəsində aşkarlanın qaz sızmasının ləğvi üçün işlər aparılması, yüksək təzyiqli qaz xətlərinin qaz təchizatı mənbələrinə birləşdirilməsi ilə əlaqədar orta təzyiqli yeraltı qaz xəttində sızma aşkarlanması və onun ləğvi üçün zəruri tədbirlərin görülməsi, görüləcək təmir işlərinə görə bəzi rayonlarda bir qrup abonentin qaz təchizatına texniki baxışın aparılması, təmir işləri aparan təşkilatların yerüstü aşağı təzyiqli qaz xətlərini yararsız hala salması kimi səbəblər qazla təmin olunmanın dayanmasına səbəb ola bilər. Bu hallarda “Azəristiliktəchizat”ın Azəriqaz İB- ə olan hər hansı borcundan söhbət gedə bilməz.
Borc yalnız qazanxanaların qazla təmin olunmasında yarana bilər. Belə olan hallarda da müvafiq tədbirlər görülür”.