Azərbaycanın ən reytinqli və ən bahalı şousu – “Maşın” ekranlara qayıdır. “Maşın” şou oktyabr ayının 1-dən etibarən ATV-də öz tamaşaçılarına möhtəşəm efir həyəcanı yaşadacaq. 18 gün davam edəcək mübarizə ölkənin tanınmış simaları arasında baş tutacaq.
“M Group Production”ın Mətbuat Xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, artıq “Maşın” realiti şounun iştirakçı heyətinin ilkin siyahısı hazırdır.
Növbəti həftə isə siyahı tam versiyada hazır olacaq. İştirakçıların hər biri tanınan, sevilib-seçilən məşhurlardan ibarət olacaq. Siyahıda bu şouda bir neçə dəfə iştirak etmiş simalara da, ilk dəfə şouya qatılan “təcrübəsiz ulduzlar”a da yer verilib.
“Maşın”ın sayca 18-ci sürəti olan budəfəki layihənin konsepsiyası ideya olaraq təsdiqlənib və artıq ciddi iş gedir. Gələn ay isə Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın”ın anonsu bütün TV və sosial şəbəkələri ələ almağı planlayır.
“Maşın”ın yaradıcı heyəti iştirakçıların asudə vaxtlarını maraqlı keçirmələri üçün gündəlik proqramlar düşünüb hazırlamağa davam edir. Bir sözlə, “MGP”nin ofisində gərgin iş rejimi, gündəlik toplantılar ciddi şəkildə start götürüb.
Beləliklə, “Maşın” realiti şou növbəti sürəti ilə yenə də reytinqləri alt-üst etməyə gəlir...