20 Sentyabr 2014 20:59
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugün ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Amerika Mərkəzi Bakıda "Amerika günü"nü qeyd edib.

Teleqraf.com-un məlumatına görə, tədbiri çıxış sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov hər il ənənəvi olaraq keçirilən bu günün əhəmiyyətindən danışıb. S.Seyidov bu günün tarixi bir gün ilə - əsrin müqaviləsinin 20 illiyi ilə üst-üstə düşdüyünü bildirib.

O qeyd edib ki, Əsrin Müqaviləsinin imzalanmasının 20 illiyi münasibəti ilə Azərbaycan rəhbərliyi bir çox dövlət başçıları ilə birgə bu günü Bakıda qeyd ediblər: "Bununla yanaşı bu gün faktiki olaraq 21-ci əsrin müqaviləsi - TAP və TANAP layihələrinin təməl daşının qoyulması ilə əlaqədar olaraq tədbirlər keçirilmişdir".

S.Seyidov vurğulayıb: "Azərbaycan və Amerika münasibətləri həm Azərbaycana, həm ABŞ-a, həm Avropaya, həm də bu regiona sülh, inkişaf, tərəqqi gətirmiş münasibətlərdir. Bu gün bizim münasibətlərimiz strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir".

Rektor qeyd edib ki, bu münasibətlərin iqtisadi və siyasi tərəfi ilə yanaşı, mədəni tərəfləri də var: "Təhsil və mədəni əlaqələr ən yüksək səviyyədə və ən möhkəm əlaqələr kimi
qiymətləndirilməlidir".

Tədbirdə millət vəkili Asil Mollazadə də çıxış edərək, ölkələrimiz arasında təhsil və mədəni əlaqələrə toxunub və qeyd edib ki bu əlaqələr xalqları yaxınlaşdırır.

A.Mollazadə həmçinin qeyd edib ki, Texas Ştatında Əsrin Müqaviləsinin 20 illiyi münasibəti ilə bağlı bayram elan olunub.

A.Mollazədə həmçinin onu da qeyd edib ki, Kaliforniya Ştatının San Dieqo şəhəri Nəsimi rayonu ilə qardaşlaşmış şəhərdir və bu yaxınlarda orada Nəsimi parkının
açılması nəzərdə tutulur.

Qeyd edək ki, Bakıda ənənəvi olaraq hər il təşkil olunan "Amerika Günü"ndə ABŞ universitetlərində təhsil imkanları, ABŞ-da təhsil alan məzunların foto sərgiləri və Amerikanın Meri Mak Brayd qrupunun ifasında konsert proqramı nümayiş olunub.


Müəllif:

Oxşar xəbərlər