17 Mart 2020 14:37
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa ilə müqayisə etsək, ölkəmizdə koronavirusa hazırlıq A səviyyəsindədir. Azərbaycanı İtaliya, Almaniya, İspaniya, Fransa ilə müqayisə etmək olmaz. Onlarda artıq pandemiya elan olunub, bizdə isə kontakt yoluxma prosesi var. Bugünkü vəziyyət yaxşıdır, panikaya əsas yoxdur, amma arxayn olmamalıyıq”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib:

“İctimai nəqliyyatda yoluxma riski başqa yerlərdən 6 dəfə yuxarıdır. Bu gün nəqliiyat nə qədər dezinfeksiya olunsa da, insanlar virus daşıyıcılarıdır. Buna görə ictimai nəqliyyatdan minimum istifadə tövsiyə olunur, yaxud da maska ilə gəzmək lazımıdır”.

Sahib Məmmədovun fikrincə, insanlara intizam məsələləri öyrədilməlidir: “Elə ölkələr var ki, karantində hərbi idarəetmə sisteminə keçid ediblər. Hazırkı vəziyyətdə insan hüquqları ikinci plana keçir. Burada kəskin tədbirlər görülməli, qaydaları pozanlara sərt cəza sistemi tətbiq edilməlidir.

Kimsə hansısa yolla karantindən yayınırsa, yayınan və yayındıran məsuliyyətə cəlb olunmalıdır.Bu gün müəssisələr onlayn iş rejiminə keçid edə bildikləri halda, bunu tətbiq etmirlər”.

Ekspert bildirib ki, ölkəmizdə vəziyyət qənaətbəxş olsa da, sabah üçün hər ehtimala qarşı hazır olmalıyıq: “Vəziyyət nə qonşuluqdakı İran, nə də Sinqapurdakı kimi deyil. Məsələn, İtaliya kimi dünya nəhəngində süni nəfəs avadanlıqları çatışmır, ölkədə bir aydır böhrandır.

Bu dövlətlərin hazırlıqsızlığını göstərir. Bütün fövqəladə hallara hazır bildiyimiz Avropa görürsünüzmü nə vəziyyətə düşüb? Onlardan dərs çıxarmaq lazımdır. Hazırda ölkələrin heç biri tibbi ləvazimat satmır. Buna görə də resurslları mobilləşdirmək, mümkün variant tapıb, müvəqqəti istehsal qurmaq lazımdır. Karantin dövründə hər şey xüsusi idarəetmə sisteminə keçməlidir”.

Hüquq müdafiəçsi Nazirlər Kabineti yanına operativ qərargahın işini xüsusi qiymətləndirib: “Operativ qərargah hazırda insanların təhlükəsizliyi üçün tədbirləri həyata keçirir. Tibbi ləvazımatlar, tibbi avadanlıqlar, çarpayılar, müvəqqəti hospitallar hazır vəziyyətdə olmalıdır. Hətta kritik vəziyyət gözlənilməsə belə, bu hazırlıqlar həyata keçirilməlidir”.

Sahib Məmmədovun fikrincə, bu gün qaydaların sərtləşdirilməsi zəruridir: “Paytaxtdan kənarda, rayonlarda məsələləri lokallaşdırmaq istəyiriksə, Bakıya giriş-çıxışın qadağan olunması zəruri addım sayılmalıdır. Burada bayram, insanların görüşməsi ikinci plana keçir. Rayonlarda müvafiq tədbirlər görülməlidir. Nəzarət təmin olunmalıdır. Polis səfərbər olmalı, yerli icra hakimiyyəti orqanları qərargah yaratmalıdır. Bu işdə nə arxayınlıq, nə də təşviş, panika kömək edir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər