20 Aprel 2020 17:37
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi fəal Bəxtiyar Hacıyev "Microsoft" şirkətinin qurucusu Bil Qeytsin insan bədəninə çip yerləşdirmək məqsədilə peyvənd hazırladığı barədə iddialara kəskin reaksiya verib.

Teleqraf.com xəbər verir ki, Bəxtiyar Hacıyev ona bu barədə yazılan mesajlardan təngə gəldiyini qeyd edib.

"Oturub filan rayonun Aşağı Dəlləklər kəndində, 1 manata yüklədiyi mobil data ilə Novosibirskdən danışan özü ağılda birinin videosuna baxır, sonra da mesaj yazır: "Qaqa, Bilqeyis bu virusa şey buraxir, chip taxırlar hamiya, xayiw edrəm, səni follosh edən çoxdu, yaz hami xeber tutsun".

Yaz deyirsən, yazım da. Ay insan, birincisi, məcbur olmasan da, boğazından kəsib, 1 illik kreditlə götürdüyün ən son model ağıllı telefon sənin özündən ağıllıdır. 7-ni 37-yə vurub, üstünə 18 gəlməyi sən 4 dəqiqəyə hesablayırsan, telefonun isə 1 saniyədən də az müddətdə. İnanmırsansa, yoxla. İkincisi, ayaqyoluna da gedəndə üzərində gəzdirdiyin o telefon elə böyük antendir, içi dolu çipdir. Səni izləmək istəyən olsa, mütləq deyil ki, o çipləri peyvənd içinə qatıb, bədənində harasa salsın. Üçüncüsü, o telefonda da, istifadə etdiyin sosial şəbəkələrdə də etdiyin hər hərəkət sənin haqqında lazım olan yerlərə təsəvvür etmədiyin qədər məlumatı ötürür. Axtardığın sözlər, baxdığın videolar, girdiyin saytlar, dostluq göndərib, "salam, xanım, çox gozalsız mawallax. Salam Allah salamıdır, niye almirsan" yazdığın və fotolarına like qoyduğun insan profilləri və s. və ilaxır sənin psixoloji portretini cızmağa və hansı durumda nə edəcəyinə dair 99 faizlik dəqiqliklə bildirir. Məsələn, datanı analiz edib, neçə şapalaqdan sonra qonşun Ramizi satacağını müəyyənləşdirə bilərlər. Yaxud gözləri hansı rəngdə, sinəsi hansı ölçüdə rus qız sənə yazsa, 12 il birlikdə yaşadığın ailəni atıb, Rusiyaya qaçacağını tapa bilərlər", - deyə Bəxtiyar Hacıyev çip barədə müzakirələrə cavab olaraq qeyd edib.

Onun sözlərinə görə, məlumatların ötürülməsindən narahat olanlar ilk növbədə datanı toplayan smartfonlar və sosial şəbəkələrdən imtina etməlidir: "Dördüncüsü, təkcə Amerikanın özündə Bil Qeytsə düşmən olan nə qədər insan, qrup var. Belə bir şey real olsa, birinci onlar, sonra dünya mətbuatı hay-küy salacaq, dünyanın Novosibirskdəki Andrey və Aşağı Dəlləklərdəki Roşqaya ehtiyacı yoxdur. Beşincisi, bir ay evdən çölə çıxmasan, heç divar qonşun ölüb-ölmədiyini maraqlanmaq üçün qapını döyməz, axı sən Bil Qeytsin nəyinə lazımsan ki, belə təlaş edirsən? Altıncısı, əziz insan, gözəl vətəndaş, sən tək deyilsən. Böyük-böyük adamlar, ali təhsilli yaşlı adamlar var ki, saxta xəbərlər tələsinə dərhal düşürlər, hələ aralarında planetimizin müstəvi olduğuna inananlar da var. Sən isə belə olma, mən yazdıqlarım da daxil olmaqla, heç nəyi mütləq həqiqət kimi qəbul etmə.Bir şey eşidirsənsə, şübhə et, araşdır, amma təlaş etmə. Xüsusi ilə də mənbəyi və mənşəyi məlum olmayan saxta xəbərlərə dərhal inanma. Bu gün "çip taxırlar" xəbərinə belə rahat inanırsansa, sabah Ermənistandan Azərbaycan dilində elə bir yalan məlumat buraxarlar ki, sənin kimi saf və hər şeyə inanlar elə sürətlə yayarlar ki, ölkəmiz bunun altından çıxa bilməz. Özünə və ölkəyə yazığın gəlsin, hər eşitdiyini, gördüyünü araşdırmamış, dəqiqləşdirməmiş yayma".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər