3 May 2020 17:25
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni baş prokuror Kamran Əliyevin adı hüquq ictimaiyyətinə çox gözəl bəllidir. Peşəkardır, 30 ildir ki, hüquq-mühafizə orqanları sistemində çalışıb. Çalışdığı müddətdə kollektivin hər zaman hörmətini qazanıb. Xüsusilə öz işinə məsuliyyətli bir hüquqşünas kimi tanınıb. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsində olduğu müddətdə isə ölkə miqyasında daha çox tanındı.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, Kamran Əliyev korrupsiyaya qarşı mübarizə sahəsində qətiyyətli mövqeyi ilə seçilməyi bacarıb:

"Xüsusilə də mətbuat üçün rəhbərlik etdiyi dairənin açıqlığı mənim yadımdadır. İldə 2 dəfə mətbuat nümayəndələri və QHT-lərin iştirakı ilə mətbuat konfransı keçirilirdi. İl ərzində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 8 mindən çox müraciətlər daxil olub. Hər il özü, müavinləri və digər işçilərinin iştirakı ilə 2 mindən çox qəbullar keçirdiyi bəllidir. Korrupsiyanın ağır ictimai təhlükəsi olan cinayət olduğunu nəzərə alsaq, bu sahəyə rəhbərlik edən şəxsin peşəkarlığından, prinsipiallığından, qətiyyətindən çox şey asılıdır. Məşhur deyim var ki, kadrlar hər şeyi həll edir. Eyni bir təşkilata kimin rəhbərlik etməsi həmin təşkilata qiymət verilməsi üçün həlledici amil olur. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Kamran Əliyevin rəhbərliyi altında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi haqqında bunu söyləyə bilərik. İnsanlar haqsızlıqla üzləşəndə, onlara qarşı zidd addımlar atılanda, onların hüquq və azadlıqları tapdalananda, onların özləri və əmlaklarına qəsd olunanda, yəni bütün hüquqla istənilən hüquq pozuntusu üz-üzə gələndə, xüsusilə rüşvətxorluq və korrupsiya ilə üz-üzə gələndə onlar ilk növbədə məhz bu qurumlara müraciət ediblər. Bu qurumda da işə yanaşmada hüquqi alilik əsas prinsip olub".

Millət vəkili yeni prokurorun vəzifəyə təyinatını yüksək qiymətləndirib: "Ölkə prezidenti də ötən gün Kamran Əliyevi videoformat vasitəsilə qəbul edib və onu peşəkar hüquqşünas kimi qiymətləndirib. Qeyd etdi ki, məhz onun rəhbərliyi altında hüquq mühafizə orqanlarında, xüsusilə prokurorluq istiqamətində çox ciddi islahatlar həyata keçiriləcəyinə inanır. Nəzərə alsaq ki, ölkə prezidenti korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni öz dövlət siyasətinin mühüm istiqaməti kimi müəyyən edib. İnsanlarımızın cənab prezidentə ünvanladığı minlərlə məktublarda prezidentə təşəkkür edib, islahatlarını yüksək qiymətləndirirlər. Ölkə başçısı çox ciddi islahatlar həyata keçirib və onlardan biri də hüquq mühafizə sistemi ilə bağlı idi. Prezident də bildirdi ki, ümid edir və inanır ki, Kamran Əliyev yeni şəraitində çox ciddi islahatlar həyata keçirəcək. Bunun üçün onun çox ciddi potensialı və peşəkarlığı var".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər