14 May 2020 14:50
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası dünya iqtisadiyyatına güclü zərbə vurub. Maraqlıdır, hazırda vəziyyət necədir və qarşıda nə gözlənilir?

İqtisadçı Pərviz Heydərov Teleqraf.com-un suallarını cavablandırıb.

- Dünya iqtisadiyyatında və bizdə vəziyyət hazırda nə yerdədir?

- Hazırda dünya iqtisadiyyatında vəziyyət kifayət qədər kritikdir. Ölkəmizdə bu koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi nəticəsində iqtisadi aktivlik kəskin şəkildə aşağı düşüb və faktiki olaraq donmuş vəziyyətdədir. Bir çox sahələrin fəaliyyəti dayanıb. Karantin rejimi dünyanın əksər ölkələrində tətbiq edilib.

Azərbaycanda və dünya ölkələrində də tətbiq olunan karantin rejimi arasında heç bir fərq olmayıb. Nəticədə xüsusilə orta və kiçik sahibkarlığa kəskin şəkildə zərbə dəyib. Bütün sahələr üzrə tələbat sıfıra enib. Bu da istehsal sahələrinin həm məcburi, həm də praktiki olaraq fəaliyyətini dayandırması deməkdir.

- Postpandemiya dövrü üçün proqnozlarınız nələrdir?

- Postpandemiya dövrünün necə olacağını, hansı şərtləri diqtə edəcəyi, istər dünya iqtisadiyyatı, istərsə də Azərbaycan iqtisadiyyatının hansı forma və müddətdə bərpa olunacağı bəlli olmadığı üçün, konkret fikir söyləmək mümkün deyil. Görünən odur ki, artıq ölkələr karantin rejimini məcburən aradan götürməyə hazırlaşırlar. Elə Azərbaycanda da karantin rejimi əvvəlkinə nisbətən xeyli yumuşaldılıb. Bu, eyniylə dünya ölkələrində də müşahidə edilir.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp belə bir fikir irəli sürdü ki, koronavirus pandemiyasının nə qədər davam edəcəyi, nə qədər can alacağı, hansı itkilərlə nəticələnəcəyi bəlli deyil, bu mənada iqtisad aktivliyi və fəaliyyəti dayandırılmış müəssisələrin işini bərpa eləmək zəruri xarakter daşıyır. Çünki hökumətlər pandemiyanı nəzərə alaraq tətbiq etdikləri məhdudlaşdırıcı tədbirləri davam etdirsələr, dünya iqtisadiyyatı elə vəziyyətə düşər ki, koronavirus pandemiyası aradan qalxdıqdan sonra belə, mövcud vəziyyətdən çıxmaq çox çətin və mümkünsüz hala çevrilə bilər. Ona görə də, ölkələr məcburən tətbiq etdikləri məhdudiyyət rejimini tədricən aradan götürürlər.

- Krantin rejiminin dünya ölkələrində yumuşaldılğını qeyd etdiniz. Hansı dəyişikliklər baş verdi?

- Bir sıra sahələrdə məhdudlaşdırıcı rejim yumuşaldılıb. Nəticədə dünya iqtisadiyyatında ilkin olaraq bir növ bərpa meyillərinin müşahidə olunması nəzərə çarpmaqdadır. Bunun əyani təzahürü neftin qiymətində özünü göstərir.

Neftin qiyməti bir ara 20 dollardan aşağı düşmüşdüsə, hazırda 30 dollar arasındadır. Bu isə bilavasitə dünya iqtisadiyyatında ölkə rəhbərlərinin koronavirusa qarşı tətbiq etdikləri karantin rejiminin yumuşaldılması ilə, bir sıra iqtisadi fəaliyyət sahələrinin bərpa olunması ilə əlaqədardır.

- Sizcə, pandemiyanın fəsadlarından dünya iqtisaddiyatı nə zaman özünə gələ biləcək?

- Dünya iqtisadiyyatı bütün sahələrdə fəaliyyət bərpa olunduqdan sonra özünə gələ bilər. Bunun nə qədər davam edəcəyi bəlli deyil. Çünki biz hələ ki, koronavirus pandemiyasının tamamilə nə vaxt aradan qalxacağını bilmirik. Bunu heç kəs də proqnozlaşdıra bilmir. Dünya iqtisadiyyatının da postpandemiya dövründə hansı şərtlər və diqtələr altında mövcud olacağını indidən müəyyən etmək çətindir. Əsas budur ki, dünya ölkələrində, o cümlədən Azərbaycanda tətbiq olunan məhdudlaşdırıcı tədbirlər tədricən yumşaldılır. Bu, iqtisadiyyatın bərpası üçün müəyyən şans yaradıb.

Hesab edirəm ki, əgər karantin rejimi dünyada, o cümlədən Azərbaycanda nə qədər tez aradan götürülərsə, dünya iqtisadiyyatı bir o qədər tez özünə gələ bilər.

- İtkilər barədə nə demək mümkündür?

- İtkilər barədə danışmaq üçün tezdir. İtkilər böyükdür və bu gün də davam etməkdədir. Qarşıda bizi hansı itkilərin gözlədiyini isə heç kim bilmir. Bu, həm dünya iqtisadiyyatına aiddir, həm də Azərbaycan iqtisadiyyatına.

Ölkəmizin iqtisadiyyatı üçün karantin rejimi zamanı gündəlik itkinin 150-200 milyon manat təşkil etdiyi söylənilir. Hesab edirəm ki, karantin rejimin ən sərt vaxtında itkilər bundan da yüksək idi. Hazırda itkilər davam etməkdədir və müxtəlif sferalarda - həm gəlirlərin azalmasında, həm işsizliyin artmasında özünü göstərir. Hesab edirəm ki, iqtisadiyyat özünə gəldikdən, postpandemiya dövrünü yetişdikdən sonra bu itkilərin dəqiq məbləğini hesablamaq mümkün olacaq.

Məsələn, dünya iqtisadiyyatı üçün ən böyük itki iş yerlərinin ixtisarı sayıla bilər. Bunun mənfi nəticələrini ölkələr bir az sonra daha çox hiss etməli olacaq.

Azərbaycanın özündə baxmayaraq ki, dövlət başçısı sahibkarlara çağırış etmişdi ki, ixtisarlara getməsinlər və sahibkarlara öz işçilərinin maaşlarının verilməsinə hökümət maliyyə dəstəyi də göstərdi. Amma sahibkarlar tərəfindən müəyyən işlərin ixtisarı qaçılmaz xarakter daşıyır. Sahibkarlar indi bundan çəkinsələr də, bir az sonra bu, daha geniş vüsət ala bilər. Bundan başqa dövlət büdcəmizə yaxın vaxtlarda bir sıra dəyişikliklər ediləcəyi gözlənilir. İnvestisiya xərcləri, bir sıra zəruri olmayan dövlət xərcləri azaldılacaq. Bu da müəyyən iş yerlərinin ixtisarı ilə nəticələnəcək. İşsizlərin sayı Azərbaycanda da hiss olunacaq dərəcədə artacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər