COVID-19-un mutasiyaya uğraması ilə bağlı bizim ölkəmizdə araşdırma aparılmır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Virusun mutasiyası ilə bağlı məlumatlar aparılan tədqiqatlardan asılıdır. İnanıram ki, gələcəkdə Azərbaycanda da virusun mutasiyaya uğraması ilə bağlı tədqiqatlar aparılacaq".
Yaqut Qarayeva əlavə edib ki, bu gün PSR testlər koronavirusun diaqnozunda qızıl standart sayılır: "Ekspress testlər yalnız elmi araşdırma məqsədi daşıyır. Dünya mütəxəssisləri də bildirir ki, ekspress testlər diaqnostik olaraq tətbiq olunmamalıdır və hələ ÜST-dən bu testlərin təsdiqini almamışıq".
Şöbə müdirinin fikrincə, peyvəndin hazırlanıb istifadəyə verilməsi uzun prosesdir: "Bütün araşdırma mərkəzlərində peyvəndin hazırlanması istiqamətində geniş iş aparılır. Bu gün dünya ölkələrində hansısa peyvəndin istifadəsinə dair məlumat yoxdur. Yalnız könüllülər üzərində peyvəndlər sınanılır. Onun xeyiri və ziyanı dəyərləndirildikdən sonra haqqında danışmaq olar.
Peyvəndin təsdiqi bu ilin sonuna gözlənilir. Bir neçə ölkədə peyvəndin yoxlanılması davam edir".