2020-ci ilin yanvar-iyun ayları ərzində Energetika Nazirliyində inzibati xətalar üzrə 272 işə baxılıb. Bunlardan 258 iş təbii qaz, 14 iş isə elektrik enerjisi ilə bağlı olub. Təbii qaz üzrə 129 iş barəsində təqdim edilmiş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 5 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 6 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 1 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, elektrik qurğularında texniki istismar qaydalarının pozulmasına görə isə 1 iş üzrə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar verilib. 18 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.
Bütün qərarların “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.
Ölkədə tətbiq edilimiş xüsusi karantin rejiminin tələblərinin gözlənilməsi məqsədilə 112 iş üzrə icraat prosesinin həyata keçirilməsi dayandırılıb.