Ölkə üzrə əmək pensiyaçılarının sayı cari ilin 1 oktyabr tarixinə 1 milyon 286 min 200 nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9 min 100 nəfər və ya 0,7 faiz artıb. Pensiyaçıların 782 min 581 nəfərini və ya 60,9 faizini yaşa görə, 363 min 181 nəfərini və ya 28,2 faizini əlilliyə görə, 140 min 425 nəfərini və ya 10,9 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Teleqraf.com-un məlumatına görə, bunu müvafiq açıqlamasında Dövlət Sosial Müdafiə Fondu Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev bildirib. O, qeyd edib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı ilkin məlumatlara görə, 2014-cü ilin 1 oktyabr tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əməkhaqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavablandırır.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq görülən tədbirlər nəticəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Göstərilən xidmətlər vətəndaşlara hesabatları elektron formada təqdim etmək, pensiya kalkulyatoru vasitəsilə pensiyasının məbləği barədə məlumat almaq, pensiya və müavinətləri avtomatlaşdırılmış qaydada təyin etmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək, sığortaolunanların elektron qaydada uçota alınması, fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı barədə məlumatları əldə etmək və s. imkanlar yaradır.
Əhaliyə göstərilən elektron xidmətlərdən istifadə imkanlarının artırılması məqsədilə Fondun yerli orqanlarında yardım masaları yaradılmış, müntəzəm olaraq elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təşviqi və onlardan istifadə sahəsində maarifləndirmə xarakterli regional təqdimatlar keçirilib. Göstərilənlərin nəticəsi olaraq Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi elektron xidmətlər “elektron hökumət” portalının statistikasına əsasən ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Cari ilin doqquz ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb ki, bu da ümumi vətəndaş müraciətlərinin azalmasında və şəffaflığın daha da artmasında öz rolunu oynayıb.