12 Mart 2021 09:14
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusu daim təlimlər keçirməli, püxtələşməli və peşəkarlığını artırmalıdır. Düşünürəm ki, ildə azı 2-3 dəfə belə təlimlər keçirilməlidir. Əslində təlimlər ordunun gücünü göstərən tədbirlərdir. Təsəvvür edin ki, bir boksçu rinqə çıxıb vuruşmalıdır, amma rinqə çıxana qədər görün neçə illər təlim keçir, özünü buna hazırlayır. Təlimlər də ordunun özünü hədəflərinə hazırlaması deməkdir. Odur ki, bunu ancaq dəstəkləmək lazımdır.

Bu sözləri türkoloq alim, sabiq təhsil naziri Firudin Cəlilov Teleqraf.com-a Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçirilməsini qiymətləndirərkən deyib.

Qeyd edək ki, təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Firudin Cəlilov bu kimi təlimlərə Pakistan və Türkiyə ordusundan da müəyyən qüvvələrin qatılmasını arzu edir: “Beləcə bir alışqanlıq yaransın və bu ölkələr bilsinlər ki, heç biri tək deyil”.

Sabiq nazir güman ki, Azərbaycan ordusunun bu təlimlərinin ismarış yönü də var: “Aydındır ki, ermənilər Azərbaycan ordusunun gücünü təkcə göməyiblər, həm də hiss ediblər. Artıq bilirlər ki, Azərbaycan ordusu əvvəlki ordu deyil. Amma unutmayaq ki, ermənilərin onlarla generalı olanda bizim 3-4 generalımız var idi. Son 200 ildə onlar rus ordusunda yetişiblər, əksəriyyəti də rus ordusuna bağlıdır. İndiyə qədər onların iki marşalı olub. Sözümün canı odur ki, düşməni zəif görmək lazım deyil. Onlar zəif deyillər. Amma son müharibə göstərdi ki, onlar texniki, mənəvi, taktiki, say, dəstək baxımından müharibəyə hazır deyillər. Mən erməniləri yaxşı tanıyıram, onlar revanşist millətdir, rahat oturmayacaqlar. Əlləri heç hara çatmayanda terrora keçəcəklər. Odur ki, həm ordumuzu, ölkənizi gücləndirməli, həm Ermənistanda baş verən prosesləri müşahidə etməli, eləcə də ehtiyatlı olmalıyıq”.


Müəllif: Nemət

Oxşar xəbərlər