Barat müəllim bizə “İnsan və cəmiyyət” fənnini tədris edirdi. Başqa dərslərdən qaçmağa minbir bəhanə axtaran, doxsan faizi oğlanlar olan sinif uşaqları ikialanından əlaçısına, hamı Barat müəllimin dərsində sevincək olurdu. Cıqqırımız çıxmadan sakit, səssiz oturub onu dinləyirdik. O qədər astadan danışırdı ki, əlavə bir səs olanda nə dediyini eşitmirdik. Barat müəllim dediyi cümləni ikinci dəfə əsla təkrar etmirdi. Bizə gah hansısa dastandan danışırdı, gah bir filosofdan, gah İsmayıl Şıxlının romanlarından, gah da adını ilk dəfə eşitdiyimiz bir köhnə Azərbaycan filmindən.
Cibində köhnə qəzetlərdən kəsib gətirdiyi üç-dörd bəndlik şeirləri oxuyurdu. Qaçaq Kərəmdən danışırdı. Qazaxın köhnə kişilərindən, gah Qarabağ atlarından, gah da Hüseyn Arifin hansısa bir sütül şairə qoşduğu lətifələrdən.
Xüsusilə, qış aylarında Barat müəllimin dərsini səbirsizliklə gözləyirdik. Fısıldayıb-tüstüləyən, yaş odunların alışmadığı sobamızı yandırmağa, soyuq və tüstülü sinif otağını qızdırmaq üçün gəlirdi bizim sevimli müəllimimiz. Özüylə bir ovuc quru odun “kıxmıxı” da gətirirdi. Tüstüləyən odun sobasına atır-dağıdır, quru odunları alışdırır, əlində maşa sobanın kənarında oturur, danışır və biz qızlı-oğlanlı başına toplaşıb səsimizi udub onu dinləyirdik.
Saz səsi kimi sehrinə alırdı bizi Barat müəllimin səsi, su səsi kimi ruhumuza yayılırdı. O danışırdı, biz qızınırdıq. O danışırdı, biz böyüyürdük...
Yazda bənövşə dərməyə gedirdi bir də görürdün dərələrdən. Ya da taxıl zəmilərinin yamyaşıl dövründə bir də baxırdın odey, uzaqdan bir bəstəboy, qıyıqgöz kişi gəlir. Qucağında bir dəstə al lalə...
Sizi ən çox belə xatırlayıram həmişə. Ya əlində maşa odun peçini yandırıb, sinifi qızdıran müəllim kimi, ya qucağında bir dəstə lalə çöldən gələn yolçu kimi ya da “Ox üzlü dəmir” şeirini qəhərlə, astadan oxuyub, Əskipara dərdinə alışan Eloğlu kimi...
Yetmiş illik yubileyinizdir indi sizin, Barat müəllim. O yerlərdən, o illərdən, o uşaqlıqdan çox-çox uzaqlarda bir şagirdiniz sizin bəmbəyaz saçlarınıza baxıb qəhərlənir... Artıq mənimçün xeyli uzaqlarda qalmış, hətta bir xeyli də ögeyləşmiş o, xoş uşaqlıq-uzaqlıq illərimin ən gözəl xatirələrində sizin səsiniz, rəsminiz, qıyıq gözləriniz var. Məni o kəndə bağlayan doğmalarımdan başqa, bir də siz varsınız.
Yubileyinizi təbrik edirəm, sizə sağlamlıq, uzun ömür diləyirəm, mənim sevimli müəllimim. Bu gün danışmağa bir ovuc sözüm varsa, haçansa gizli-gizli sizdən oğurladıqlarımdır. Doğum gününüz mübarək olsun, bahar oğlu.
Sizi həmişə ən gözəl xatirələrinin ünvanı kimi ağlında, beynində gəzdirən balaca şagirdlərinizdən biri...
Fəridə Məmmədova