19 Aprel 2021 11:55
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlər pandemiya ilə mübarizədə ən çox zəhməti olan vətəndaşlarımızdandır. Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O qeyd edib ki, ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənilib:

"Tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib. Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bü müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib. Könüllülərə isə 138.500 manat məbləğində mükafat verilib.

Bütün bunlarla yanaşı, pandemiyanın davam etdiyini nəzərə alaraq bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütünlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı. Mövcud qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də həkimlər üçün bu imkan nəzərdə tutulmayıb".

Millət vəkili hesab edir ki, əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq Azərbaycanda da oxşar imkanın təklif olması məqsədəuyğundur: "Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq, həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq.

Təklif edirik ki, ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin".


Müəllif: Aysel Azad