Bu gün Tərtər rayonunda SCADA sistemi ilə quraşdırılan bir ədəd subartezian quyusu istifadəyə verilib. İl ərzində isə rayonda bu sistemlə 21 ədəd subartezian quyusu quraşdırılacaq. Bu günə qədər rayonda 23 belə tip artezian quyusu istifadəyə verilib.
Bu barədə Teleqraf.com-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, bu subartezian quyularının digərlərindən fərqi burada SCADA sisteminin quraşdırılmasıdır: “Azərbaycanda 517 ədəd “ağıllı” subartezian sistemləri mövcuddur. “Meliorasiya və Su Təsərrüfatı” ASC olaraq nəzarətimizdə 8200-dən artıq subartezian quyusu var və hər biri işlək vəziyyətdədir. 2018-ci ildən bu günə kimi yeni qazılmış və istifadəyə verilmiş quyuların bir çoxunda SCADA sistemi quraşdırılıb. Onların sayı bu günə görə 517 ədəddir. Bu sistem vasitəsilə su quyularına uzaqdan kameralarla nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. SCADA sistemi həm enerji, həm də su itkisinin qarşısının alınması üçün vacib bir sistemdir”.
D.Şərifov deyib ki, SCADA sistemi 14 rayonda var: “Sistem Ağcabədi, Ağdam, Tovuz, Samux, Goranboy, Şəmkir və digər rayonlarımızda var. Quyular həm bölgədə, həm də sahələrdə olduğu üçün SCADA sisteminin quraşdırılması bəzən problemli olur. İnternetin olmaması və bəzən enerjinin kəsilməsi bu problemləri yaradır”.
Qeyd edək ki, bu il qazılacaq bütün subartezian quyularında SCADA sisteminin quraşdırılması nəzərdə tutulub.
SCADA “ağıllı” idarəetmə sistemidir. Bu sistem vasitəsilə kənardan idarəetmə ilə subartezian quyularının yaxınlığına getmədən otaq şəraitində quyunun işə salınması və dayandırılması prosesi həyata keçirilir.