Baş Prokuror Kamran Əliyev işğaldan azad edilmiş Kəlbəcər rayonu ərazisində bir qrup şəxsin minaya düşməsi faktı ilə əlaqədar bir sıra beynəlxalq təşkilatlara rəsmi məktub ünvanlayıb.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına rəsmi müraciət ünvanlayıb.
Müraciətdə qeyd edilib ki, Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.
Belə ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu avtobusun rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 2 media əməkdaşı və 1 dövlət qurumunun əməkdaşı ölmüş, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Vurğulanmışdır ki, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla hazırda intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Kamran Əliyev Ermənistan tərəfinin işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritə və sxemlərini bugünədək təqdim etməməsini Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı törətmiş olduğu təxribat xarakterli aktların davamı kimi qiymətləndirərək, onlardan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edib.
Eyni zamanda, Baş Prokuror insanların həyatını xilas edilməsinə kömək edə biləcək bu xəritələri və digər zəruri məlumatları Ermənistanın təqdim etməkdən imtinasının Azərbaycan əhalisinin İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2-ci və 8-ci maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi, 4 saylı Protokolunun 2(1) və 3(2) maddələrindən irəli gələn hüquqlarının ciddi şəkildə pozulmasına səbəb olmasını diqqətə çatdırmaqla, üçtərəfli Bəyanatın imzalandığı gündən hazıradək 18 mülki şəxsin həlak olmasını, 24 şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri almasını qeyd edib.
Sonda Baş Prokuror, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ictimaiyyətindən törədilmiş cinayətlərlə bağlı səlahiyyətləri çərçivəsində Ermənistan rəhbərliyinə qarşı tədbir görülməsini xahiş edib.