Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin tarixi zəfərindən ilhamlanan sərhədçilər Azərbaycan Sərhəd Mühafizəsinin 102 illik şanlı tarixinin qələbəli səhifələrini ən yüksək əhval-ruhiyyə, Azərbaycan dövlətçiliyinə xidmətdən irəli gələn qürur hissi ilə qarşılayırlar.
Teleqraf.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Sonra görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsi hörmətlə yad edilmişdir.Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş igid oğulların xatirəsi anılmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Dövlət Sərhəd Xidmətinin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək Azərbaycanın Sərhəd Mühafizəsinin 102-ci ildönümünü böyük təntənə ilə qeyd edən qalib ölkənin sərhədçilərini peşə bayramı münasibətilə təbrik edib.
Dövlətimizin müstəqilliyinin keşiyində hər zaman şərəflə dayanan Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında da Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhədində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərmələri qeyd olunub.
Dünyanın aparıcı ordularının, hərbi-strateji araşdırma mərkəzlərinin tədqiqat mövzusuna çevrilmiş, müasir müharibə aparma təcrübəsində yenilik kimi tarixə düşmüş AN-2 təyyarələrinin modifikasiya olunmaqla pilotsuz uçuş vasitəsi kimi tətbiqi, müasir hərbi texnologiyalar, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarının sinxronlaşdırılmış istifadəsi nəticəsində müharibənin ilk günlərindən Qarabağ səmalarına hakim olmağımız qürurla vurğulanmış, “Açıq səma” adlı bu döyüş əməliyyatının xüsusilə vacib olması qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən "Toçka-U", “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.
Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin döyüş məharətini Müzəffər Ali Baş Komandanımızın xüsusi qiymətləndirdiyi, sərhədçilərin "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə, orden və medallarla təltif olunduğu, Vətən yolunda qələbə sevincini bizə yaşadan şəhidlərimizin fədakarlığının qədirbilən xalqımızın yaddaşından silinməyəcəyi vurğulanmış, səngərdə və sərhəddə böyük əzmlə xidmət aparan sərhədçilərin dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında dövləti maraqları ən yüksək səviyyədə müdafiə edəcəkləri ifadə olunub.
Dövlət Sərhəd Xidmətinin yaradıcısı Dahi Öndər Heydər Əliyevin və Vətən Müharibəsində həlak olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 avqust tarixli Sərəncamları şəxsi heyətə elan edilmiş, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, döyüşlər zamanı şəxsi igidlik və şücaət göstərdiklərinə görə təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edilib.
Tədbir çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaşıblar