6 Sentyabr 2021 20:00
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın hava qapısının açılması ölkəmiz üçün mühüm siyasi, tarixi, mənəvi və strateji xarakter daşıyır. Çox qısa bir zamanda, belə bir nəhəng missiyanın həyata keçirilməsi, eləcə də Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işləri bir daha dövlətimizin gücünün, iqtisadi imkanlarının, pontensialının göstəricisidir.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor söyləyib ki, “Qarabağ” təyyarəsi 35 dəqiqəyə Füzuli Beynəlxalq Hava Limanına eniş etdi: “Həmin hava limanından 100 kilometr uzaqlıqda Şuşa şəhəri yerləşir və bir saat ərzində oraya getmək olar. Vətəndaşlarımız gələcəkdə hava yolu ilə Füzulidən Gəncəyə, Zəngilana və oradan da Naxçıvana gedə biləcək. Gələcəkdə bu cür hava limanları Laçında və Zəngilan da istifadəyə veriləcək və digər ölkələrdən də buraya turistlər gələcək”.

Komitə sədrinə görə, bu ərazilərdə yaradılan nəqliyyat və logistika strukturu təkcə ölkəmiz üçün deyil, həm də region üçün də əhəmiyyətlidir: “Füzuli Beynəlxalq Hava Limanı həm sərnişinlərin, həm də yüklərin daşınmasında çox böyük rol oynayacaq. Vaqif poeziya günlərinin bərpasından sonra belə bir qürurverici tarixi hadisə hər birimizdə sevinc hissləri yaşadır. Keçən ilin sentyabr ayına qədər heç kimin ağlından belə keçmirdi ki, tezliklə, Vətən Müharibəsi başlayacaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 gündə möhtəşəm Qələbə qazanacaq, torpaqlarımız erməni işğalından azad olunacaq. Bu gün isə 30 ilə yaxın dağıdılan, talan edilən Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən dirçəlir. Məcburi köçkünlərimizin həsrəti bitmək üzrədir. Çox tezliklə vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq, hər birimiz Qarabağa gedəcəyik!”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər