Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun açılış mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.
Forumda xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud, digər millətlərdən olan, valideyn himayəsindən məhrum olmuş, xüsusilə şəhid və qazi ailələrindən olan uşaqların təmsilçiliyinə daha çox önəm verilir.
Keçirilən Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
Hökumət nümayəndələrinin, dövlət qurumları rəsmilərinin iştirakı ilə keçiriləcək Forumda foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunur. Forumda müxtəlif mövzular ətrafında müzakirələr aparılacaq və yekunda uşaqların fikir və təkliflərini əhatə edən sənədlər qəbul olunacaq.
Xatırladaq ki, Azərbaycan Uşaqlarının I Ümumrespublika Forumu 2009-cu ildə, II Forumu 2011-ci ildə, III Forumu 2014-cü ildə, IV Forumu 2017-ci ildə keçirilib.