Bu gün Azərbaycan xalqının milli oyanış hərəkatının, azadlıq mübarizəsinin ən qanlı və ən şanlı hadisəsindən - 1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür.
Teleqraf.com xəbər verir ki, hazırda dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirliklərinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, ziyalılar, QHT sektorunun təmsilçiləri, tələbələr və ictimai rəy liderləri, hərbçilər, qazilər, bir sözlə, Azərbaycan xalqının bütün təbəqələrini əhatə edən insan izdihamı 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanına axışır.
İnsanlar qərənfillərlə, tər çiçək dəstələri və əklillərlə şəhidlərimizin uyuduğu əbədi and yerimizə axın edirlər.
Onlar matəm musiqisinin sədaları altında 32 il əvvəl baş verən hadisələri yenidən xatırlayırlar. Şəhidlərimizin əziz ruhunu ehtiramla yad edir, onların ruhuna dualar oxuyurlar. Məzarları önündə baş əyirlər.