Təhsil Nazirliyinin layihəsi olan “Düşünən oxucu” müsabiqəsinin “Oxu ədəbiyyatı siyahısı” ilə bağlı müzakirələr davam edir.
Təhsil Nazirliyi Teleqraf.com-a açıqlamasında müsabiqədəki “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlərin məktəb proqramında yer almadığını bildirib: “Son illər Təhsil Nazirliyi məktəb kitabxanalarını şagirdlərin yaşına uyğun oxu ədəbiyyatı ilə təmin edir. Bu zaman yerli nəşriyyatlar tərəfindən hazırlanmış və geniş oxucu kütləsi qazanmış ədəbiyyat nümunələri seçilir.
“Düşünən oxucu” müsabiqəsi yerli nəşriyyatlarla birgə keçirilən müsabiqədir. Bütün şagirdlərin müsabiqədə iştirakını təmin etmək məqsədilə məhz məktəb kitabxanalarına son 3 ildə verilmiş əsərlər siyahıya salınıb.
Azərbaycan ədəbiyyatı, bildiyiniz kimi, məktəblərdə geniş tədris olunur. Bu müsabiqənin “Oxu ədəbiyyatı siyahısı”na salınmış əsərlər isə məktəb proqramında yer almayan əsərlərdir. Burada həm klassik dünya ədəbiyyatından, həm də müasir ədəbiyyatdan nümunələr var”.
Qeyd edək ki,Təhsil nazirinin əmrinə əsasən keçirilən “Düşünən oxucu” müsabiqəsinin “ədəbiyyat siyahısı” müzakirə mövzusuna çevrilib. 30 əcnəbi yazıçının adı olan siyahıya Azərbaycan ədəbiyyatından yalnız 5 ədibin əsəri daxil edilib. Siyahıya AYB katibi, yazıçı Elçin Hüseynbəyli etiraz edib.