Baharın gəlişindən xəbər verən Novruz xalqımızın zəngin adət-ənənəsini, sınaqlarını, mərasimlərini yaşadan bayramdır. Onun çoxsaylı əyləncəli ənənələri, mətbəx nemətləri var ki, məhz bunlara görə Novruzu çox sevir və səbirsizliklə yolunu gözləyirik. Belə əyləncəli adətlərdən biri də papaq atmadır.
Teleqraf.com-un əməkdaşları Novruzun bu atributunu bu dəfə dövlət qurumlarının qapısı ağzında sınaqdan keçirib.
Doğrudur, qədimdə bu adət qəfil və gizli şəkildə icra olunurdu. Bu dəfə bir az fərqli hərəkət etməyi qərara aldıq. Zəmanə dəyişib, özü də elə-belə qapı döymürdük. Düşər-düşməz olar. Getməzdən əvvəl qurumlara bayramlaşmağa gələcəyimizi bildirdik. “Xəbərsiz gəldiniz” bəhanəsini eşitmək istəmədik. Hər halda, bayram bayramdır...
Ancaq bu halda da işlər yağ kimi getmədi. Mesaj və zənglərimizə cavab verməyənlər də oldu. Əli bərk davranıb bizi qarşılamaqdan boyun qaçıranlarla yanaşı, qapısını gülər üzlə açanlar da vardı. Onları tanıyacaqsız...
Elə isə getdik!
"Papağı boş atmazlar” deyib, içinə kiçik şirinlik qoyaraq sərgüzəştimizə başladıq. Səhər saatlarında ilk olaraq Təhsil Nazirliyinə yollandıq. Doğrusu, azca şübhəli idik ki, birdən alınmaz. Alınmasa dünya dağlmaz. Ancaq bu, həm də yazı-proyektdir axı... Bayram tətilindən əvvəl sonuncu iş günü olduğuna görə qurumun mətbuat xidmətinin başı xeyli qarışıq idi.
Buna baxmayaraq nazirlik əməkdaşlarından birini bizi qarşılamağa yolladılar. Papağımızı geri almaqdan ötrü isə bir qədər gözlədik. Hətta zarafatla fotoqrafımıza dedim ki, deyəsən, papaq onlara qalacaq, başqasını almalı olacağıq. Elə bu anda bir də baxdım, papaq gəldi.
Quşlar, kəpənəklər, növbənöv şirniyyatlar... Havadan fərqli olaraq Təhsil Nazirliyinin papağında bahar təravəti hiss olunurdu.
İlk addımımız uğurlu olduğu üçün növbəti qapıya – Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yollandıq.
Papağı atıb gizlənmək istəyirdik ki, qurumun ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış üstümüzü aldı. Gülər üzlə otağına dəvət etdi, söhbətləşdi. Papaq da öz yerində.
Qurum bayram həftəsindən əvvəl son iclasına yığışdığı üçün qaça-qaçda idilər. Bugünkü layihəmizdən xəbəri olanlar proqnoz verirdilər ki, TƏBİB papağımıza maska, tibbi ləvazimatlar qoyacaq.
Amma təxminlərdən fərqli olaraq dolu papaqla yanaşı Elnarə xanım müsbət enerji və təbəssüm payı verməyi də unutmadı. Çay süfrəsinə dəvət etdi, biz isə növbəti ünvana tələsdiyimizi deyib, yolumuza davam etdik.
Qərara aldıq ki, Mədəniyyət Nazirliyinin qapısını döyək.
Elə gizlənmək istədiyimiz anda bizi yaxaladılar, içəri dəvət etdilər. Nazirliyin əməkdaşları Novruz ab-havasını ofislərinə gətirməyi bacarmışdılar.
Masanın üzərindəki səməni, Novruz xonçası göz oxşayırdı.
Gülərüzlü kollektiv papağımıza pay qoyub, əliboş qaytarmayacaq qapılara da yönləndirməyi unutmadı.
Bizsə buradan ayrılıb Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə üz tutduq.
Qapını döyməyə hazırlaşırdıq. Heç demə, girişdə qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bizi gözləyirmiş. Zarafatla da olsa, dedik, icazə verin papağımızı ataq. Axı, biz təkcə papaq atmırıq, həm də jurnalist kimi iş başındayıq.
Öyrəndik ki, 2 gün sonra komitənin sədri Bahar Muradovanın doğum günüdür. Qapısını döyməyə hazırlaşırdıq ki, dedilər, iclasdadı...
Pozitiv auralı kollektiv papağımıza müxtəlif çərəzlər, meyvə və rəngli yumurta qoyub bizi yola saldı.
Dedik, gedək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (OMBUSDMAN) mətbuat xidməti ilə də bayramlaşaq.
Gələcəyimizi xəbər versək də, dəqiq saat deməmişdik. Bəlkə, elə buna görə bu dəfə qapını döyüb gizlənməyi bacardıq. Emil Şahzadə ətrafa boylanaraq papağımızı aldı.
Bir neçə dəqiqə sonra baxdıq ki, papağımızı səliqəli şəkildə gətirdilər. Bununla yanaşı, milli atributlardan ibarət ayrıca hədiyyələr də təqdim etməyi unutmadılar.
Bizsə sonuncu qapıya – Kənd Təsərrüfatı Nazirliyinə üz tutduq. Nazirliyin mətbuat xidmətinin əməkdaşları iclasda olduğu üçün burada çox qala bilmədik. Kiçik papaq payımızı alıb işə, ofisə qayıtdıq.
Məqsədimiz bayramlaşmaq, gündəlik gərgin qrafikdə işləyən həmkarlarımızla fərqli görüşmək idi. Uşaqlıqda papaq atmaq təcrübəsi olmayan biri olaraq deyəsən bu məsuliyyətin altından çıxa bildim.
Papaqlarınız dolu, təbəssümünüz bol olsun. Bayramınız mübarək!