23 Mart 2022 09:24
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanı bürüyən münaqişənin kəskinləşməsi, Ukrayna universitetlərinə və digər təhsil müəssisələrinə qarşı davam edən hücumları və Rumıniyaya sığınan ukraynalı şagirdlərin, tələbələrin və təhsil işçilərinin sayının artmasını nəzərə alaraq, Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Ukraynada müharibənin yaratdığı mənəvi və humanitar böhran şəraitində akademik mühitin həmrəyliyini müzakirə etmək üçün təcili beynəlxalq konfrans təşkil edir.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, hibrid tədbir bu gün Şərqi Avropa vaxtı ilə saat 16:00-da baş tutacaq.

Konfransda Bosniya və Herseqovina sabiq Baş Naziri və Baş Nazir müavini professor Zlatko Laqumdzijanın (Sarayevo Universiteti), Gürcüstanın sabiq baş naziri, sabiq Xarici İşlər naziri, insan hüquqları üzrə ixtisaslaşmış tanınmış hüquqşünas Eka Tkeşelaşvili, “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov, Rumınyanın sabiq Prezidenti professor Emil Konstantineskunun, Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçiliyi Universitetinin rektoru Remusun Pricopie, Rumınyanın sabiq Baş naziri, sabiq Parlamenti Spikeri Petre Roman canlı olaraq, o cümlədən Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Dünya Elmlər Akademiyasının Prezidenti Qarri Jacobs iştirak edəcəklər.

Konfransda həmçinin həm universitet, həm də universitetə​​qədərki səviyyələrdə ukraynalı qaçqınların Rumıniyanın təhsil sistemlərinə inteqrasiyası istiqamətində milli səviyyədə həyata keçirilən tədbirlər haqqında məlumat xarakterli hesabat təqdim olunacaq.

Tədbirin sonuna yaxın iştirakçılar Ukraynadakı müharibədən ciddi şəkildə zərər çəkmiş təhsil və elmi tədqiqatları dəstəkləmək məqsədi ilə Avropa və Ukrayna akademik qurumları arasında əməkdaşlığın artırılması üçün müraciət edəcək və müharibənin təsirindən ziyan görmüş qaçqın mərkəzlərinə səfər edəcəklər.

Toplantı Dünya İncəsənət və Elm Akademiyası; “Nizami Gəncəvi” Beynəlxalq Mərkəzi; Buxarestdəki Milli Siyasi Elmlər və Dövlət İdarəçilik Universiteti və Levant Mədəniyyəti və Sivilizasiyasının Təkmilləşdirmə İnstitutu ilə birgə təşkil olunur.

Bununla yanaşı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Rumınya Prezidenti və Baş Nazirinin xüsusi nümayəndləri ilə görüşlər təşkil edəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər