Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə ehtiram olaraq Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə anım mərasimləri keçirilib.
Vətən müharibəsi şəhidləri Əkbər Mustafayev, Mirsədi Bağırlı, Şövqü İsmayılzadə, Baxış Rəhimli, Behbud Behbudlu və Elməddin Yusifovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim olunub.
Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində igid oğullarımızın göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən musiqilər təqdim olunub.