Azərbaycanda zərərli vərdişləri barədə məlumat verməyən donorlar cərimələnəcək.
Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin video-konfrans formatında keçirilən növbəti iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Qeyd olunub ki, 20 oktyabr 2020-ci il tarixdə Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qəbul edilib. Həmin qanunla müəyyən edilmiş münasibətlərin pozulmasına görə İnzibati Xətalar və Cinayət məcəllələrinə müəyyən dəyişikliklər təklif edilib. Belə ki, İnzibati Xətalar Məcəlləsinə insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın təsdiq etdiyi siyahıda olmayan tibb müəssisələri və digər şəxslər donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə həm vəzifəli şəxslər, həm də hüquqi şəxslər üçün cərimələr müəyyən edilir. Əlavədə, həmçinin orqan donorluğu və transplantasiya zamanı anonimliyin qorunmamasına görə, canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəliklər barədə məlumatın verilməməsinə görə də müvafiq cərimələr təsbit olunur.
Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli toplantının gündəliyinə 13 məsələ daxil edildiyini bildirib və birinci məsələni - Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Bildirib ki, təklif olunan dəyişikliklər “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq mövcud qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması məqsədilə hazırlanıb. Qeyd olunub ki, qanunun 10-cu maddəsinə əsasən həmin qanunun tələblərinin pozulmasına görə şəxslər İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər bu məsuliyyətin qanunvericilik əsaslarının və növlərinin müəyyən edilməsi məqsədilə hazırlanıb. İnzibati Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər isə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi zamanı yaranan prosessual münasibətlərin tənzimlənməsi ilə əlaqədardır. Dəyişikliklər Mərkəzi Seçki Komissiyasının qərarlarının mübahisələndirilməsi zamanı iddia üzrə icraatın xüsusiyyətləri, bu kateqoriya inzibati mübahisələrə dair işlər üzrə icraat zamanı məhkəmə aidiyyatının müəyyən edilməsi, iddia ərizəsinə baxılması müddəti və digər məsələləri tənzimləyir. “Vətəndaşların müraciətləri haqqında” qanuna əlavə edilən yeni maddə də uyğunlaşdırma xarakteri daşıyır.
Sonra iclasda Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), habelə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirə olunub.
Diqqətə çatdırılıb ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə isə insan orqanlarının və toxumalarının, həmçinin donor orqanlarının alqı-satqısına dair, habelə şəxsin razılığı olmadan transplantasiya məqsədilə donor orqanının götürülməsi və ya eyni məqsədlə şəxsi donor orqanının götürülməsinə məcburetməyə görə nəzərdə tutulan cəza növləri öz əksini tapıb.
Bildirilib ki, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” qanunlara da uyğunlaşdırma xarakterli bəzi düzəlişlər nəzərdə tutulub.
Sonra komitə sədri Əli Hüseynli Mülki Məcəllədə, Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, adı çəkilən qanunlara təklif olunan dəyişikliklər də uyğunlaşdırma xarakteri daşıyır. Bu qanunların müvafiq maddələrində “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” ifadə öz əksini tapır.
Daha sonra iclasda Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş), “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılıb.
Əli Hüseynli bildirib ki, qeyd olunan qanunlara uyğunlaşdırma məqsədilə bir sıra dəyişikliklər təklif olunur. Belə ki, “Milli arxiv fondu haqqında” qanuna ediləcək dəyişikliklər adı çəkilən qanunvericilik aktlarında da öz əksini tapacaq.
Komitədə bir sıra digər məsələlərə, o cümlədən İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinə də baxılıb.
Təqdim olunan məsələlər ətrafında gedən müzakirələrdə komitə üzvləri çıxış edərək, qanunlara təklif edilən dəyişikliklər barədə fikirlərini, qeyd və təkliflərini diqqətə çatdırıblar.
Müzakirələrin sonunda gündəliyə daxil edilən 13 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.