23 İyun 2022 22:09
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədovun imzaladığı qərara görə, sahibkarlardan identikləşdirilmə zamanı bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib. Nəticədə yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. Bununla yanaşı, bir heyvan üçün çəkilən rüsum xərci 5 manat da azalacaq. Baytarlıq pasportunun ləğvi və nəzərdə tutulan dəyişikliklərdən sonra bir heyvan üçün maliyyə yükü 25 manat azalacaq ki, bu da heyvan ətinin qiymətinin aşağı düşməsinə səbəb olacaq. Məsələn, 10 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə maya dəyəri 2 manat 50 qəpik aşağı düşür. 15 kiloqramlıq qoyunun ətinin hər kiloqramı üzrə isə maya dəyəri təqribən 1 manat 66 qəpik azalır. Maraqlıdır, yeni qərar həqiqətən də ətin ucuzlaşmasına səbəb ola bilər? Yaxud da sənədləşmənin sadələşdirilməsi bazardakı ətin keyfiyyətinə təsir edəcək?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, tələb olunan xərclərin azaldılması müsbət haldır. Lakin bu məbləğ heyvanın çəkisi ilə müqayisədə böyük məbləğ olmadığına görə, hansısa ciddi qiymət azalmasının müşahidə olunacağını gözlənilmir:

"Doğrudur, xırdabuynuzlu heyvanlarda ətin qiymətinin 1 manat azalması mümkündür. Lakin bu da 15-20 kq arası qoyunlarda ola bilər, 10 kq quzular nadir halda kəsilir. İribuynuzlu mal-qarada isə fikrimcə, qiymət enişindən söhbət gedə bilməz. Çünki nəzərə alsaq ki, bir heyvan 100 kqdan 500 kq-a qədər ət verir, ortalama 250 kq üzrə 20 manatlıq xərc ixtisarını götürsək, hər kiloqrama 8-10 qəpik arasında eniş düşür".

Eldəniz Əmirov əlavə edib ki, heyvan yemlərinin qiymətinin artması da ətin qiymətini aşağı salmayacaq: "Hazırda əkin sahələrinin ümumi həcmi son dövrlərdə 250 min hektara qədər artıb. Böyük əksəriyyəti məhz örüş sahələrinin azalması hesabına artıb. Örüş sahələri qeyri-təyinatı üzrə istifadə olunduğuna görə yemin maya dəyərinin qalxmasına səbəb olub. Bu isə ətin qiymətinin qalxmasına gətirib çıxarıb. Bütün bu kontekstdə yanaşdıqda ətin qiymətində enişin olacağını düşünmürəm.
Kçikbuynuzlu heyvanların ətinin qiymətində az endirim müşahidə oluna bilər. Amma inflyasiya, digər xərclərin artması fonunda ətin qiymətində ciddi enmə olmayacaq. Sual oluna bilər ki, bəs bu xərclərin azalmasının heçmi təsiri olmayacaq? Bu qərarla bir müddət qiymət artımlarının olmamasını müşahidə etməyə bilərik. Amma bu da qısa müddətlikdir".

Qida məsələləri üzrə ekspert, baş mütəxəssis Ağa Salamov isə ətlə müqayisədə digər ərzaq məhsullarının qiymətinin yüksək olmasına diqqət çəkib:
"Sahibkarlardan tələb olunan xərclərin azaldılması qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Amma bu, çıxış yolu deyil. Çünki qeyri-ət məhsullarını da nəzərə almaq lazımdır. İnsan təkcə ət məhsulları ilə qidalanmır. Bu gün bazarlarda qiymətlər od tutub yanır, heç kim mövsümi meyvələrdən ala bilmədi. Təkcə bir məhsul üzərində dayanmaq çıxış yolu deyil. Bir insan ətlə yanaşı, mövsümi meyvə-tərəvəzləri də istehlak etməlidir. Hibrid meyvə-tərəvəzlər piştaxtaları zəbt edib".

Ekspert bildirib ki, hazırkı şəraitdə kənd təsərrüfatına üstünlük verilməlidir: "Kəndliyə şərait yaradılmalıdır. Nə qədər çox əkin olarsa, bazarda o qədər rəqabət artar, qiymət ucuzlaşar. Digər məhsullar necə olacaq? Baytar sertifikatı ləğv etmək çıxış yolu deyil.

Kəndli bal arısı kimidir. Bal arısı olmasa, həyat olmaz. Kəndli də olmasa, həyat olmaz. İnsanların ayağı nə qədər torpaqdan üzüldüsə, kəndliyə əkməyə, heyvandarlığa şərait yaradılmadısa, qıtlıq həyatımıza girəcək.

Xüsusilə azad olunmuş torpaqlarda əkin aparılmalıdır. Analiz götürsünlər ki, hansı torpaqlarda nə əkmək lazımdır. Torpaqlar su ilə təmin edilməlidir, kəndlilər susuz qalıb. Kəndliyə xidmət etsələr, qıtlıq olmayacaq. Ətin qiymətini endirməklə məsələ həll olunmur".


Müəllif: Aysel Azad