28 İyun 2022 12:31
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cari ilin büdcəsində siyasi partiylara maliyyə 25 faiz artırılıb. Hesab edirəm ki, bu, olduqca əhəmiyyətli artımdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir eyni zamanda deputat Fazil Mustafa və Tahir Kərimlinin tədris ilinin sentybrın 1-dən başlaması haqda təkliflərini şərh edib:

”Mən dərslərin başlanması vaxtı ilə bağlı fikirlər irəli sürmürəm. Əmək haqları məsələsinə aydınlıq gətirərək deyim ki, təlim-tədris müəssisəsində işləyən şəxslərə yay tətili dövründə əmək məzuniyyəti verilir. Iyulun 1-dən məzuniyyətə çıxan müəllimlər avqustun sonunda işə qayıdırlar. Əmək haqları ilə bağlı hər hansı problem yoxdur”.

Nazir Şərifov deputat Rəşad Mahmudovun ötən iclasda təhsil və səhiyyə xərclərinin artırılması haqda təklifinə də münasibət bildirib:

“Ötən iclasımızda təhsil və səhiyyə xərclərinin artırılması haqda təklif irəli sürüldü. Qeyd edim ki, bu sahə hər zaman hökumətin diqqət mərkəzində olub. Son illər bu istiqamətdə xərclərin artırılması üçün işlər görülür. Qeyd edilməlidir ki, bu gün büdcəyə yenidən baxılır və bu sahələrlə bağlı artım yoxdur. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin gəlirləri prioritet sahələrə yönəldilir. Nəticə etibarı ilə investisiya və müdafiə xərclərin çəkisi artacaq. Müvafiq olaraq təhsil və səhiyyə xərcləri olduğu kimi qalır. Azərbaycan inkişafda olan dövlətdir. Nəzərə alsaq ki, erməni vandallarının bizə vurduğu ziyanın aradan qaldırılması, Qarabağın və şərqi Zəngəzurun bərpası üçün külli miqdarda vəsaitlərə ehtiyac var. Belə bir şəraitdə bu xərclərin ümumi çəkisi büdcədə yüksək olacaq. Ancaq qaldırılan sahələr də hökumətin diqqətindədir və Ümum Daxili Məhsulun artımı ilə paralel artırılacaq”.


Müəllif: Nemət