Nazirlər Kabineti "Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda dəyişiklik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar olduqda, həkim-məsləhət komissiyaları tərəfindən xəstələrə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər veriləcək.
Həkim-məsləhət komissiyaları tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildikdə və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin müəyyən edilməsindən imtina barədə qərar qəbul edildikdə, əgər xəstənin əmək qabiliyyətinin itirilməsi davam edirsə, xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılacaq.
Nazirlər Kabinetindən bildirilib ki, xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik edilib.
Qeyd olunub ki, Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 6-cı hissəsinin üçüncü abzasına əsasən xəstəlik vərəqəsinin yalnız tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəni əlilliyi olan şəxs hesab etmək mümkün olmadıqda və onun əmək qabiliyyətinin itirilməsi davam etdiyi halda uzadılması nəzərdə tutulub.
Müvafiq komissiyalar tərəfindən göndərişlərin verilməsindən imtina barədə qərar qəbul edildiyi halda isə xəstəlik vərəqələrinin uzadılması məsələsi Təlimatda tənzimlənməyib.
Qeyd olunan uyğunsuzluğun aradan qaldırılması üçün Nazirlər Kabinetinin 319 №-li Qərarı ilə Təlimata əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsindən imtina olunduğu halda da xəstəlik vərəqəsinin uzadılmasını nəzərdə tutan dəyişiklik olunur.
***
Nazirlər Kabineti “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və təmiri üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 25 yanvar 2017-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, bundan sonra Qaydalar avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsini də əhatə edəcək.
Fondun əsas məqsədi isə ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını və təmiri ilə yanaşı, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsi olacaq.
Bundan başqa, bundan sonra Fond avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsinə də xərc çəkəcək.
Yeni istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçiriləcək.
***
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qeyd olunub ki, qərarla əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin ödənilmə müddəti ilə bağlı qeyri-müəyyənlik aradan qaldırılır.
Eyni zamanda, həmin müddət Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə uyğun olaraq 1 ildən çox olmayan dövrü əhatə etməsi barədə dəqiqləşdirilir.
Sığortaolunanın məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin bir hissəsi deyil, bütün gəlirləri qazanc kimi diqqətə alınaraq müavinətin məbləğinin hesablanmasında nəzərə alınır.
Eyni zamanda, 31 dekabr 2020-ci il tarixindən sonra doğulmuş uşaqlar üçün müavinətin avtomatlaşdırılmış qaydada təyin olunması və verilməsi barədə norma əlavə olunur.