10 Oktyabr 2022 11:16
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan 2 oktyabrda mötəbərliyi rəsmən təsdiqlənməyən videoyazı üzərindən ölkəmizə qarşı qlobal kampaniyaya aparır və əkstəbliğatın coğrafiyası çox genişdir. ABŞ, Hindistan, Fransa, Kanada, Norveç, Yunanıstan, Litva, İrlandiya Xarici İşlər nazirlikləri, fransalı nazir Frank Rister, The National İnterest dərgisi, 45-dək amerikalı konqresmen, İspaniya parlamentinin üzvü Anton Reyno və Con İnyariti, Britaniyanın Ermənistandakı səfiri, amerikalı senator Aleks Padilya, Genosidi önləmə şəbəkəsi, Ursula fon der Leyenin istefasını tələb edən qlobal chang.org platformasında başladılan petisiya, avropalı deputatlar Viola Taubadel, Tom Vanderisxe, Emmanuel Morel, Almaniya Ombudsmanı, ATƏT DTİB, Haaqada azərbaycanlı səfiri Niderland XİN-ə çağıran hökumət üzvləri, İspaniya Konqresi, britaniyalı jurnalist Emil Hesse, Bellingcat kəşfiyyat platfoması, kanadalı senator Leo Kusakos, Amerika senatının xarici əlaqələr komitəsi, Avropa parlamentində 17 nəfərlik dinləmə və Norveçin Ermənistandakı səfiri Helen Andersen ölkəmizi günahlandırma kampaniyasında iştirak edirlər.

Teleqraf.com xəbər verir ki, bunu “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” konfransında Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.

O, sözügedən aksiyaların məqsədlərini belə ümumiləşdirib: “İlk olaraq deyim ki, Ermənistan böyük maliyyə yardımı istəyir və “Azərbaycan təhlükəsi” mifi əvəzsiz xarici siyasət alətidir. 34 ilin cinayətlərini ört-basdır etmək, mühakimədən yayınmaq və bir neçə hərbçinin öldürülməsi ilə keçmiş əməllərini unutdurmaq siyasəti yürüdür. Qarabağa təhlükəsizlik və müxtəlif hüquqi preferensiyalar qazandırmaq istəyir. Ermənistanı demokratiya adası kimi təqdim edərək, Qərb dəyərlərini bölüşən bir ölkəyə Rusiya ilə birgə olan Azərbaycanın hücumunu iddia edir, özünü isə Ukrayna obrazında Himars raketlərinə və silah yardımına ehtiyacı olan tərəf kimi göstərir. Ölkəmizi iqtisadi-siyasi sanksiyalarla maliyyə resurslarından, ordumuzu isə müasir silahlardan məhrum etməyə can atır. Ona görə də Cozef Borrelə verilən suallar “sizə Azərbaycan qazı gərəkdir, yoxsa, erməni qanı” şəklində idi. Göründüyü kimi, qlobal kampaniyaçılar avropalıların qışda donmasına razıdırlar, təki Azərbaycan iqtisadi gəlirlərdən məhrum edilsin. Xüsusilə, yeni formalaşan Komando qüvvələrinin ətrafında neqativ fon yaratmağa, 2-ci Xüsusi Təyinatlıların yaranmasına yol verməmək məqsədi güdür. Bizi “Böyük qayıdış” ruhundan və kursundan yayındırmağa, qarşıdakı 30 ildə də enerjimizi və resurslarımızı yad proqramlara və qüvvələrə xərcləməyə vadar etmək istəyir. Qələbəmizin miqyasını kiçiltməyə, Zəfərimizin simvolu olan Ali Baş Komandanın güclü dövlət liderləri ilə münasibətlərinə xələl gətirməyə cəhd edir və sair.
Bu siyahını uzatmaq da olar”.

STM sədri ötən il Ermənistanın Azərbaycana qarşı BMT-də "etnik nifrət yaymaq" ittihamı ilə dinləmələri gündəmə gəldiyini xatırladıb. O qeyd edib ki, xalq olaraq düşmənin bu davranışlarına görə sərt və yumşaq gücü bir arada saxlamalıyıq: “Ermənilər hərbi meydandakı ağır məğlubiyyəti informasiya məkanındakı üstünlüklə əvəzləyib, onu gələcəkdə silahlı məkana daşımağa çalışır. Təzyiqlərin gələcəkdə artması ehtimalı dövlətimizdən Hibrid Hücumlarla Mübarizə Mərkəzinin yaradılmasını tələb edir. 44 günlük müqəddəs müharibənin nəticələrinin beynəlxalq legitimliyi etibarlı dövlət statusumuzdan və hərbi cinayətlərə qarşı siyasətimizdən çox asılıdır. Belə olduqda öz ilk növbədə I və II Qarabağ savaşını əhatə edən Müharibə Cinayətlərinin Cəzalandırılması Komissiyasının yaradılması vacibdir. Bu halda son 34 ilin hərbi cinayətlərini vahid platformada və siyasətdə birləşdirmək olar.

İkincisi, Azərbaycan həqiqətlərinin yayılması işində Avropa təhlükəsizliyi reallıqlarını dərk edən və ölkəmizə rəğbəti olanların səfərbərliyi tələb olunur. Baxın, Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyenə qarşı ləkələmə kampaniyası aparılır, bizsə sakitcə tamaşa edirik. Halbuki onun müdafiəsi iqtisadi-siyasi mənafelərimiz üçün çox gərəkdir.

Üçüncüsü, Ukraynaya təkcə Amerikanın yardımlarının miqdarı 26 milyard dollar təşkil edir, iqtisadiyyatının xilası üçün 500 milyard yardım vəd olunub. Alqışlayırıq, lakin Zəngilanın bir kəndini tikmək üçün o dövlətlərin dəstəyi ilə beynəlxalq donor konfransları və fondlarının təşkili üçün dünya azərbaycanlılarının fəal kampaniyası yerinə düşər.

Dördüncüsü, keçmiş köçkünlərə vurulan maddi ziyanların qiymətləndirilməsini tezləşdirərək, bir milyon insanın Ermənistana “evimin təzminatını ödə” aksiyası ciddi hüquqi-siyasi nəticə doğurar.

Beşincisi, əgər düşmən tərəfinin 34 illik hərbi cinayətlərə görə təzminat ödəməyə imkanı yoxdursa, dünyada onun əvəzini torpaq və digər alternativ vasitələrlə tələb etmək nümunələri var. Zəngəzur dəhlizi xalqımıza qarşı edilən müharibə cinayətlərinin, vurulan mülki və iqtisadi ziyanların əvəzində tam Azərbaycanın istifadəsinə verilməlidir”.

Məğlub erməni zabit və əsgərlərinə paytaxt Bakıda “Əsrin məhkəməsi”nin qurulduğunu vurğulayan Zahid Oruc nəticələrindən asılı olmayaraq, onların o hökmlə yaşayacaqlarını, lakin o hərbçilərə əmr verən siyasi və hərbi generalları cəzalandırmağın ən böyük vəzifə olduğunu qeyd edib: “Əlbəttə, biz düşmənçiliyə son qoymaq istəyirik, lakin çevirdiyimiz səhifə gerçəkdən də sülhə xidmət etməlidir.

Ona görə də dövlət başçısı yeni milli ideyamızı Bolqarıstanda, Ağdamda, yaxud Praqada eyni ahənglə dilə gətirir: biz doğma torpaqlarda əbədi yaşayacağıq! Bəli, bir daha müqəddəs Zəfər günlərində xalqımızın qırğın və faciələrə deyil, “Qələbəyə davam” etməsi üçün ölkə rəhbəri 27 sentyabr Dönüş və Döyüş günündə ilk şəhidimizin Ruh daşına söykənərək, strateji hədəfləri göstərdi, “gəlin and içək ki, müstəqilliyimizi əbədi qoruyacağıq” çağırışını səsləndirdi, onu millət və dövlət quruculuğunun gələcək devizinə çevirdi. Gəlin, biz də and içək, çünki Vətən və dövlət anddan başlayır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər