“Müzəffər Ali Baş komandan İlham Əliyev tarixi bir missiyanı yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Azay Quliyev deyib.
O əlavə edib ki, öz gücümüzə güvənərək bu qələbəyə imza atmağımız böyük xoşbəxtlikdir:
“Bu gün Qarabağda gedən quruculuq işləri sevindirici haldır. Keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar. Azərbaycan dövləti o iradəni nümayiş etdirir ki, tez bir zamanda erməni vandalları tərfindən dağıdılmış şəhər və kəndlərimiz bərpa olunsun. İşğaldan azad edilən ərazilərdə iki beynəlxalq hava limanı tikilib, böyük bərpa-abadlıq işləri aparılır”.
Deputat sülh danışıqlarından bəhs edərkən deyib ki, Azərbaycan səbrlə prosesi aparır: “Ermənistan bir tərəfdən deyir ki, danışıqlara, sülhə hazırdır, digər tərəfdən də dünyanın əksər paytaxtlarında Azərbaycana qarşı iş aparırlar. Xüsusilə informasiya sahəsində. Əlbəttə, biz hər bir təxribata layiqli cavab verəcəyik. Ümid edirəm ki, yaxın gələcəkdə sülh sazişi imzalanacaq”.