“Cari ilin proqnzolarına görə, neft-qaz sektorunda və qeyri-neft sektorunda artım qeydə alınıb. Qeyri-neft sektorunda nəqliyyat, turizm, tikinti, informasiya və rabitə sahələri yüksək artım nümayiş etdirib. Bu artıma sənaye zonalarının fəaliyyəti də müsbət təsir edib. Sənaye zonalarında istehsal 41,5 faiz, ixrac isə 55 faiz artıb. Azərbaycan ərazisindən keçən nəqliyyat yüklərinin artması ilə yanaşı ölkə daxilində malların daşınması ümumilikdə bu sahədə 25 faiz artıma səbəb olub”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, Beynəlxalq Əməliyyat Şirkətini çıxmaqla əsas sektora investisiya qoyuluşu 11 faizdən çox artıb.
“Azərbaycanın Avropanın enerji təminatçısına çevirilməsi də üstünlüklər gətirir. Prezidentin tapşırığı ilə dəyişən dünyada ölkəmizdə bərpa olunan enerjinin Avropa İttifaqına çatdırılması üçün işlər görülür”, - nazir bildirib.
Mikayıl Cabbarov söyləyib ki, qeyri neft-qaz sahəsində ixracın artırılmasında sənaye məhsulları mühüm yer tutur: “Bu rəqəm və göstəricilər 2022-ci ilin mart ayından bir sıra qida məhsullarına olan xüsusi rejim çərçivəsində baş verir”.
Nazir qeyd edib ki, vergi daxilolmalar üzrə proqnozlar 3,4 milyard manat olub: “Cəmi vergi daxilolmaları ötən illə müqayisədə 90 faiz artıb. Vergi daxilolmalarla yanaşı sosial sığorta 3,7 milyard manat daxil edilib və bu, ötən illə müqayisədə 18 faiz çoxdur”.
Onun sözlərinə görə, dövlət satınalmalar sistemində şəffaflığın gücləndirilməsi davam edir, bu istiqamətdə elektronlaşdırılma həyata keçirilir: “İşğaldan azad edilən ərazilərdə iqtisadi inkişafla bağlı cənab prezidentin qərarı var və hazırda bu istiqamətdə işlər aparılılr. Burada güzəştli vergilərin tətbiqi, sahibkarların kredtilərə çıxışı, dövlət dəstəyi, emal sənayesinin stimullaşdırılması üçün sosial sığorta və digər güzəştlərin tətbiqi nəzərdə tutulur”.