"44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb kecdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.
Deputat vurğulayıb ki, tarixdə 8 noyabr Azərbaycanın qələbə, Ermənistanın məğlubiyyəti oldu:
"Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qələbə Bəyannaməsini fəxrlə, Errmənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. İndi Azərbaycan xalqı qüdrətli Sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər isə Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir. Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək".
Əmiraslanovun sözlərinə görə, müstəqillik tariximizdə müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirilirdi:
"Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Cənab prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik. Qarabağ məsələsində, müharibə müddətində xalqımız dövlət başçısının ətrafında sıx birləşdi. İstər evləri dağılan sakinlər, istərsə də erməni terroruna məruz qalan vətəndaşlar böyük iradə, birlik, həmrəylik nümayiş etdirdilər. Kimliyindən asılı olmayaraq hər kəsin bir amalı vardı: qələbə qazanacağıq! 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edən Ordumuz bu şanlı zəfərini 10 dekabrda Azadlıq meydanından dünyaya nümayiş etdirdi. Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Parada, həmçinin, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunmuşdur. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Bu parad digər hərbi paradlardan tamamilə fərqlənirdi. Adından da göründüyü kimi, bu parad özündə Qələbə əhval-ruhiyyəmizi, sevincimizi ehtiva edirdi. Parad öz möhtəşəmliyi, ağırlığı, mahiyyəti ilə seçilirdi".
Komitə sədri qeyd edib ki, peşəkar, döyüş ruhlu ordusu olan xalqın müstəqilliyi əbədidir:
"Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edirdilər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdırdı. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə idi. Onu da deyim ki, cənab prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışı etmişdi. Ölkə başçısı söyləmişdi ki, düşməni məğlub edəcəyik və Azadlıq meydanında qələbə paradı keçirəcəyik, zəfər bayrağını bura gətirəcəyik. İki il sonra cənab prezident bunları reallaşdırdı. Gördük ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. 44 günlük müharibədə Azərbaycandan siyasi, mənəvi dəstəyini əsirgəməyən, dostluğun, qardaşlığın, birliyin, həmrəyliyin nümunəsini bir daha nümayiş etdirən Türkiyə Cumhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Bakıya gələrək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevlə birgə paradda iştirak edəcək".
Əhliman Əmiraslanov bildirib ki, qələbə paradı həm də Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin növbəti təqdimatı olacaq:
"İşğaldan azad olunan torpaqlarımızda dalğalanan üçrəngli zəfər bayrağımız parada gətiriləcək. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaq. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Millətimiz hər zaman zəfər arzulayırdı. Hesab edirəm ki, bu parad xalqımız, dövlətimiz üçün tarixdə çatışmayan boşluq idi. Prezident İlham Əliyevin həmin ərəfədə xalqa müraciətində qeyd etdiyi kimi “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”.