16 Dekabr 2014 12:17
7 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yumurtaların üstə istehsal ünvanı, tarixi, saxlama müddəti yazılmalıdır

Türkiyənin Qida Təsərrüfatı və Heyvandarlıq Nazirliyi satışa çıxarılan yumurtanın yararlılıq müddətini 21 gün müəyyən edib. Nazirlik bunu yumurtanın 21 gündən sonra tərkibinin dəyişməsi ilə izah edib və müvafiq vaxtdan sonra məhsulun tərkibində faydalı maddələrin toksinlərə çevrildiyini açıqlayıb.

Nazirlik rəsmiləri qaydaların ərzaq istehlakçılarının keyfiyyətli məhsulla təminatına yönəldiyini deyiblər. Onlar əsaslandırıblar ki, yumurta üstün keyfiyyətləri ilə yanaşı, həm də çox təhlükəli ola bilər.

Yumurta köhnədirsə, saxlanma qaydalarına düzgün əməl olunmayıbsa, zəhərlənmə ilə yanaşı, ondan müxtəlif xəstəliklərin yaranması da mümkündür.

Ölkəmizin mağaza və bazarlarında satışa çıxarılmış yumurtaların saxlama müddəti ilə bağlı müəmmalara isə cavab tapmaq qeyri-mümkündür.

"Yumurta satışı 3 mərhələdə olmalıdır"

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov deyir ki, ölkənin yumurta bazarında satılan məhsullar nə standartlara, nə də yüksək keyfiyyətə uyğundur: "Əslində, yumurta satışı 3 mərhələdə aparılmalıdır və bu qaydalara sovet dönəmində ciddi şəkildə riayət olunurdu. Yumurta satışı D1, D2, D3 olmaqla 3 hissəyə ayrılırdı.

Birinci qrupa aid olan məhsulun saxlama müddəti 1 həftə, ikinci qrup 14 gün, üçüncü isə 21 gün idi. Alıcı isə bu sıralamaya baxmaqla hansı keyfiyyətdə məhsul alacağına özü qərar verirdi. Yəni, bizim üçün yumurtanın saxlama müddəti ilə bağlı xəbər yeni deyil. Türkiyə təcrübəsi illər öncə bizdə tətbiq olunsa da, hazırda bu sahədə vəziyyətimiz ürəkaçan deyil. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bu bazara nəzarət etməlidir, satışa hansı keyfiyyətdə məhsulun çıxarılmasına onlar qərar verməlidir".

"Türkiyədəki qərar təsadüfi deyil"

Satışda isə üzərində keyfiyyət göstəricisi və yararlıq müddəti barədə məlumat olan yumurtaya çətin ki kimsə rast gəlinə. Bunu elə bu bazara nəzarət edən qurumun özündən də təsdiq edirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev yumurta kimi tez xarab olan məhsulla bağlı müvafiq məlumatların istehlakçıya çatdırılmasını vacib sayır: "Yumurtanın tərkibində B qrup vitaminləri, zülallar var ki, onlar da əlverişsiz şəraitdə parçalanmaya məruz qalır və el arasında "lax yumurta" deyilən yararsız vəziyyətə düşür. Yumurta tez xarab olan məhsullar siyahısına aiddir, onu aşağı temperaturda saxlamaq gərəkdir. Saxlanma şəraiti 0-6 dərəcə olmalıdır.

Düzdür, satışda yumurtanın bundan yuxarı temperaturda, yay aylarında isə açıq havada satıldığını görürük, amma bu, düzgün deyil. İsti mühitdə yumurtanın rüşeymi inkişaf etməyə başlayır, orada cücə əmələ gəlməsə də, yumurta keyfiyyətsiz məhsula çevrilir. Mayalanmış yumurtalar daha tez xarab olmağa meyllidir. 21 gündən sonra həmin proses mümkün sayıldığı üçün Türkiyədə verilən məlum qərar təsadüfi sayılmamalıdır".

İmran Abdullayevin sözlərinə görə, yumurta tədarük olunduğu saatdan etibarən baytarlıq nəzarətindən keçirilib sonra istehlak olunmalıdır: "Bu, avaskop vasitəsilə yoxlanılır. Bu zaman yumurtanın içərisindəki qan ləkələri, digər kənar maddələr görünür və qüsurlu yumurtalar tədarükdən kənarlaşdırılır.

Yumurtalar həm də çeşidlənməlidir. Bu zaman məhsul iki yerə ayrılır - süfrə və dietik yumurtalara. Birincilər adətən həcmcə kiçik və konditer sənayesində istifadəyə yönəldilir və standartdan kənar məhsul sayılır. İkincilər isə daha gözəgəlimli və iri yumurtalardır ki, bu da sırf satış üçün nəzərdə tutulur. Dietik yumurtalar qiymətinə görə süfrə yumurtalardan fərqlənir, 4-5 qəpik baha olur. Qeyri-standart yumurtalar olsa belə, əsas keyfiyyətdir, yəni məhsul hər bir halda sağlam olmalıdır".

"Yumurtaların 70 faizi markalanmır"

Mağazalarda üzərində "dietik yumurta" sözləri yazılan məhsula çətin ki rast gəlinə. Baxmayaraq ki, alıcıya hansı keyfiyyətdə yumurta almasına istiqamət vermək üçün bu vacibdir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, müvafiq standartlara görə, müəyyən çəkidən aşağı yumurtaların satışı qadağandır: "Bildiyiniz kimi, yumurtalar 2 yerə bölünür: dietik və süfrə yumurtaları. 7 günə qədər satışda olanlar dietik yumurtalardır və onlar markalanmalıdır. Çox təəssüf ki, yerli broylerlərin çoxu yumurtaları markalamır. İstehlakçı necə bilsin ki, təzədir, yoxsa köhnə, dietik yumurtadır, yoxsa süfrə yumurtasıdır. Ümumiyyətlə, Azərbaycanda istehsal olunan yumurtaların 70 faizi markalanmır.

Dietik yumurta istehsaldan sonra 5 gün müddətində satışda olur. Bu müddət başa çatdıqdan sonra həmin yumurta süfrə yumurtası adlanır. 44 qramdan az olmayan və 7 sutka istifadə müddəti olan yumurta dietik yumurta adlanır. Bundan sonra təzə süfrə yumurtası gəlir. Belə yumurtalar mənfi 1, mənfi 2 dərəcədə 30 sutka saxlanıla bilər".

Ekspert deyir ki, ölkədə satışda olan yumurtanın üzərində buraxılma tarixi, yararlılıq müddəti yazılmır. Bu isə istehlakçı hüquqlarının pozulması deməkdir.

Yalnız möhür vurulur

Ölkənin yumurta tədarükü ilə məşğul olan şirkətləri isə məhsulu tək-tək möhürləməklə işlərini bitmiş sayırlar. Bu, alıcıya məhsulun hansı fabrikə məxsusuluğundan başqa heç bir məlumat ötürmür.

Əlaqə saxladığımız "Giləzi" Quşçuluq Fabrikindən yumurtanın ölçüsünə görə çeşidləndiyini desələr də, satışa göndərilərkən bu barədə üzərində hər hansı məlumat qeyd olunmadığını etiraf etdilər.

Mövzu ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasaq da, qurumun mətbuat xidmətindən sullarımıza cavab verən olmadı.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər