22 Dekabr 2014 16:57
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının sədri Si Tszinpin Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirmək istərdim.

Azərbaycan qədim İpək Yolu üzərində yerləşən mühüm ölkədir. Tarix boyu ölkələrimiz arasında dostluq münasibətləri mövcud olub. Dövlətlərimiz arasında diplomatik münasibətlər yaradılmasından keçən 22 il ərzində ölkələrimizin dostluq münasibətlərində qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan sürətli tərəqqi əldə edilib. Bu hədəfə nail olmaq işinə şəxsən Sizin mühüm töhfənizi yüksək qiymətləndirirəm.

Bu ilin mayında Siz Çin Xalq Respublikasında səfərdə olarkən, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında ikitərəfli münasibətlərin dərinləşməsinə dair fikir mübadiləsi apardıq, səmimi və praqmatik söhbətimiz oldu. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin xalqlarının mənafeyi naminə bu əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün Sizinlə birlikdə işləməyə hazırıq. Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm. Ölkənizə firavanlıq, xalqınıza xoşbəxtlik arzu edirəm".

X X X

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Seragəldin, Mərkəzin İdarə Heyətinin üzvləri - 2000-2012-ci illərdə Finlandiyanın Prezidenti Tarya Halonen, 1997-2002-ci illərdə Bolqarıstan Respublikasının Prezidenti Peter Stoyanov, 2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç, 2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti Stepan Mesiç, səfir, “Globalethics.net” portalının prezidenti Valter Füst, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, 1996-2000-ci illərdə Rumıniyanın Prezidenti Emil Konstantinesku, 1982-1984, 1990-1994-cü illərdə Andorranın Baş naziri Oskar Ribas Reyqi, 2005-2010-cu illərdə Ukraynanın Prezidenti Viktor Yuşşenko, Liviyanın Avropa İttifaqındakı səfiri Fəridə Allaghi, Kəşmir Universitetinin İslam Tədqiqatları İnstitutunun direktoru Əhməd Nasim Şah, Gürcüstan Universitetinin İdarə Heyətinin sədri Giuli Alasaniya və 1997-2001-ci illərdə Moldovanın Prezidenti Petru Luçinski də Azərbaycanın dövlət başçısını təbrik ediblər.

Məktubda qeyd olunur: "Doğum gününüz münasibətilə Sizi təbrik edən çoxsaylı dostlarınız və xeyirxahlarınıza qoşularaq ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzu edirik.

Fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz möhkəm dəstəyə və Mərkəzin İdarə Heyətinin üzvlərinə bəslədiyiniz səmimi münasibətə görə Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyinizlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha böyük uğurlar qazanacaq".

X X X

Azərbaycan Prezidentini təbrik edənlər arasında Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev də var: "Hörmətli İlham Heydər oğlu, doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda Sizi Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının ardıcıl tərəfdarı kimi tanıyırlar.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Qırğızıstan-Azərbaycan qardaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

XXX

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun təbrikində isə deyilir:

"Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Bu gün biz Sizin rəhbərliyinizlə Azərbaycanda dövlət quruculuğu və ictimai quruculuq, iqtisadiyyat və sosial inkişaf sahələrində genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların həyata keçirilməsinin, ölkənizin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət kursunun şahidiyik.

Əminəm ki, ənənəvi dostluq, qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət prinsipləri üzərində qurulan Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyi naminə çoxplanlı və qarşılıqlı faydalı əməkdaşlığımızın sarsılmaz əsası olaraq qalacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzularımı bildirmək istəyirəm".

XXX

bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qordon Birrelldən də təbrik məktubu daxil olub.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq diləyirəm.

Fürsətdən istifadə edərək, Sizi və Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına müvəffəqiyyət, rifah arzu edirəm.

Bizim işimizi və səylərimizi yüksək qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram. Bu yaxınlarda məni ali dövlət ordeni ilə təltif etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

bp şirkəti olaraq, biz Azərbaycana böyük önəm veririk və buradakı fəaliyyətimizlə çox qürur duyuruq. Bu illər ərzində biz regionda əhəmiyyətli layihələr həyata keçirmişik. Layihələrimizə və əməliyyatlarımıza verdiyiniz əvəzsiz dəstəyə görə Sizə şəxsən təşəkkür etmək istəyirəm. Biz Azərbaycan hökuməti ilə əməkdaşlığı yüksək qiymətləndirir, bu məhsuldar və etibarlı əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvarıq.

Bir daha vurğulamaq istəyirik ki, bp şirkəti Azərbaycan hökuməti qarşısında götürdüyü öhdəliklərə sadiqdir və həmin öhdəlikləri yerinə yetirmək üçün səylərini əsirgəməyəcək".

XXX

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev təbrik edərək deyib: "Zati-aliləri, Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin hərtərəfli fəaliyyətinizi, Azərbaycan Respublikasının inkişafı naminə şəxsi təşəbbüs və səylərinizi yüksək qiymətləndirirəm.

Qazaxıstan qardaş Azərbaycan ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Dövlətlərimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin genişlənməsi bunu təsdiq edir.

Zati-aliləri, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

XXX

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan da təbrik məktubu daxil edilib: "Hörmətli İlham Heydər oğlu, Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin uzaqgörən, dəqiq strateji siyasətiniz, təşkilatçılıq istedadınız, ən mürəkkəb məsələlərin həllinə əsl dövləti mövqedən yanaşmağınız Sizə xalqın sevgisini, həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırıb.

Belarus ölkələrimiz arasında bütün istiqamətlər üzrə inkişaf edən, açıq dialoqa və tam qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında möhkəm dostluq, qarşılıqlı dəstək və etimad ənənələri bundan sonra da xalqlarımızın rifahı naminə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin etibarlı təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar arzu edirəm".


Müəllif:

Oxşar xəbərlər