Ötən həftənin ən diqqətçəkici xəbəri Albaniya polisinin fevralın 20-si Durres limanında Rusiya neftini daşımaqda şübhəli bilinən, Liberiya bayrağı altında üzən gəmini saxlaması oldu. Məlumatda qeyd olunurdu ki, daşınan neftin həcmi 22,5 min ton, bazar dəyəri 40 mln. avrodur.
Xəbərin bizim üçün sensassiyalı olan hissəsi – gəminin Azərbaycandan yola çıxıb, Yunanıstanın Kalamata limanında başqa gəmiyə yüklənməsi haqda polisin irəli sürdüyü iddia idi. Qəribəsi budur ki, bu məlumatı nüfuzlu Reuters, "Azadlıq radiosu"nun Albaniya bürosu, erməni, onlarla Albaniya və İran və digər ölkələrin mediaları dəqiqləşdirmədən yayıblar.
Teleqraf.com xəbər verir ki, Faktyoxla Lab. Albaniya polisi tərəfindən həbs edilən neftdaşıyan gəminin Azərbaycana aid olub-olmadığını araşdırıb.
Polisin və "Reuters"-in yaydığı xəbərdə ətraflı izahat verilmədiyi üçün məlumatı digər açıq mənbələrdən dəqiqləşdirməyə çalışdıq.
Aşkar etdiyimiz bir açıq mənbədə deyilir ki, “Qreys Feliks” tankeri Durres limanında Albaniya Polisi tərəfindən saxlanılıb, 22 ekipaj üzvü isə həbs edilib. “Qreys Feliks” tankerinin Yunanıstanın Kalamata limanı yaxınlığında bir gəmidən qəbul etdiyi yük- 22,500 ton neft olub. AIS-ə (Automatic identification system- dəniz nəqliyyatı məlumatları üzrə mərkəzləşmiş agentlik-red.) istinad edən “Pole Star”-ın (Qütb Ulduzu) məlumatlarına inansaq, tanker 10-12 fevral tarixlərində Pelopon dənizində olub və fevralın 14-də Durres limanına çatıb.
Medianın yazdığına görə, Polis “Qreys Feliks”in göyərtəsində olan yükün Rusiyadan gəlməsi haqda əvvəldən kəşfiyyat məlumatlarına malik olub. “Gəmiyə qalxan müfəttişlər yük üçün müvafiq sənədlərin olmadığını aşkar ediblər”-deyə polis bildirib.
Bu məlumatda “Grace Felix” tankeri” bizə araşdırmanı davam etdirmək üçün ipucu verir. Məlum olur ki, GRACE FELIX (IMO nömrəsi: 9391402) 2008-ci ildə inşa edilmiş (15 illik) və hazırda Liberiya bayrağı altında üzən, kimya/neft məhsulları daşıyan tankerdir. (mənbə)
Əldə etdiyimiz digər məlumatda isə 2008-ci ildə hazırlanmış, Liberiya bayrağı altında üzən gəminin Kiprin “Cymare Shipmanagement Ltd” şirkətinin “Grace Felix Shipping Ltd” törəmə şirkətinə məxsus olduğu deyilir. mənbə
A2 CNN- in əldə etdiyi sənədlərə görə, ələ keçirilən tankerin daşıdığı neft məhsulunun alıcısı Albaniyanın “Porto Romano” azad zonasında qeydiyyatdan keçmiş “IBGAS AG” şirkətidir və neft məhsulu Albaniya şirkətlərinə satılır. mənbə
Həmin mənbədə qeyd olunur ki, səlahiyyətlilər tərəfindən aparılan izləmələrdə yükün yanvarın 20-də Rusiyanın “Novorossiysk” limanında yüklənmiş “FIDAN” gəmisi tərəfindən daşındığı aşkarlanıb. Peykdən çəkilən fotolara və əldə edilən digər məlumatlarına görə, “FİDAN” gəmisi Novorossiysk limanından hərəkətə başlayıb və Rusiyaya məxsus olduğu ehtimal edilən neft məhsulunu Yunanıstanın Lakonikos körfəzində Albaniya polisi tərfindən həbs edilmiş “Qreys Feliks” gəmisinə çatdırıb.
İndi bu məlumatda adları qeyd olunan gəmi və şirkətləri incələyək.
“Cymare Shipmanagement Ltd” şirkəti 27.07.12 tarixində Kipr Şirkətlərin Qeydiyyatı Reyestri tərfindən HE309832 nömrəsi ilə qeydə alınıb. Larnaca-Dhekelias, 6303, Kipr ünvanında yerləşir. Təşkilatın statusu aktivdir. Hal-hazırda 4 rəsmi idarəçisi var. Reyestrdə bu şəxslərin: Andrei Hudzasvili, "Peremoga Investment Ltd" və Viktoriya Orlova Papadouri direktor vəzifəsində olduqları göstərilib.
Holdinqə daxil olan şirkətləri axtardıqda (Cymare Shipmanagement Ltd, Cymare Crew Ltd, Cymare Shipmanagement Ltd, Morskiy Promin Ltd) nəinki rəhbərlikdə, heç sıravi işçiləri arasında (Sergii Misiuna (Ukrayna vətəndaşı) Ofis meneceri Konstantin Brus (Kipr) texniki menecer, Popi İoannou (Kipr), Mikhail Biryukov (Rusiya), Petr Firsov (Rusiya) və digərləri) da bir nəfər də olsun azərbaycanlı ad-soyadına rast gəlinmədi.
Neftin alıcısı olan “IB Gas AG” şirkəti haqda nə öyrənə bildik?
“IB Gas AG”, İsveçrənin Obvalden kantonunun Sarnen şəhərində yerləşən məhdud məsuliyyətli şirkətdir. CHE-240.224.392 UID nömrəsi olan “IB Gas AG”, 31.01.2012-ci ildə milliyyətcə alban Sandra Patvari Roch (idarə heyətinin üzvü) tərəfindən təsis edilib. Hal-hazırda, qərar qəbuledici rolları tutan şəxslər Sandra Patwary Roch (Prezident) və Orledia Baredir (idarə heyətinin üzvü). Bu şirkətin də rəhbərliyində, nə işçiləri sırasında azərbaycanlı ad-soyadına, nə də Azərbaycan vətəndaşlığı olan şəxsə rast gəlinmədi.
Araşdırma zamanı tankerin kapitanı, Rusiya vətəndaşı Aleksey Smaznov olduğunu dəqiqləşdirə bildik. Tankerin kapitanı Smaznov istintaqa bildirib ki, o, Liviya şirkətinə məxsus gəmidə işləyir. (Halbuki, gəmi Liberiya bayrağı altında üzür-red.) Amma kapitan yükün göndərilmə ünvanı və bu miqdarda neftin mənşə sertifikatının olmaması ilə bağlı inandırıcı izahat verə bilməyib. O, istintaqa sadəcə daşıyıcı olduğunu deyib və əlavə olaraq bildirib ki, gəmidəki neft məhsulu Albaniyanın hansısa neft agentliyi tərəfindən sifariş edilib. Bundan sonra polis müəyyən edib ki, sifarişçi şirkət karbohidrogen biznesilə məşğul olan Piro Bareyə məxsus və Orledia Bare tərəfindən idarə olunan "AV Internacional Group" adlanır. Orledia Bare isə öncə qeyd etdiyimiz kimi, İsveçrədə qeydiyyatdan keçmiş, ələ keçirilən tankerin daşıdığı neft məhsulunun alıcısı olan “IB Gas AG” şirkətinin rəhbərlərindən biridir.
Piro Bare
Bu məlumatlar əsasında Durres polisi iş adamı Piro Bare ilə əlaqə saxlayaraq "AV Internacional Group" şirkətinin ofisinə gedib. Piro Bare polisə izahat verib və Liviyadan bir şirkətlə müəyyən miqdarda neftin alınması və Albaniyaya gətirilməsi üçün danışıqlar apardığını deyib. Bare qeyd edib ki, sifariş verdiyi və bir neçə elektron məktub mübadiləsi apardığı şirkət "Ses Dmç Group" adlanır. Biznesmen neftin Rusiyadan deyil, Liviyadan sifariş olunduğunu da bildirib.
Beləliklə, polis əməliyyatına qədərki hadisələrin ardıcıllığı belə olub: Gəmi Adriatik dənizinin sularına daxil olarkən, Piro Bare bu yükü Albaniyanın "Porto Romano"dakı konteynerlərinə boşaltmaq üçün Durres limanının (Albaniya) gömrük orqanlarına sənədlər təqdim edib. Sənədlərdəki problemlərə görə Piro Bare nefti Albaniyaya gətirmək üçün Durres gömrük idarəsindən “keçə” bilməyib və nəticədə o, Durres limanının gömrüyündəki prosedurların qarışıqlığı səbəbindən yükün alınmasından imtina etmək qərarına gəlib. Bununla da Rusiyadan gəlməkdə şübhəli bilinən neft gəmisi dənizdə qalıb və həbs olunub.
İndi isə Albaniya polisinin iddiasına görə Azərbaycandan gələn gəminin- “FIDAN” tankerinin mənşəyinə aydınlıq gətirək. "FIDAN" gəmisi (IMO: 9423736 ) 2009-ci ildə inşa edilmiş (14 il əvvəl ) və hazırda Türkiyə bayrağı altında üzən kimya/neft tankeridir. mənbə
Qeyd olundu ki, yük, yanvarın 20-də Rusiyanın “Novorossiysk” limanında yüklənmiş “FIDAN” gəmisi ilə Yunanıstan limanına daşınıb. Bu məlumat doğrudur. Belə ki, bu fakt gəmilərin yükdaşıması və hərəkətlərini izləyən mərkəz (AIS) tərfindən yayılan məlumatla da üst-üstə düşür.
Beləliklə, nə sifarişçi, nə alan şirkət, nə də daşıyıcının Azərbaycanla heç bir əlaqəsi yoxdur. Hətta Albaniya mətbuatı yazır ki, "işi izləyən Durres Prokurorluğu gəminin Azərbaycandan olduğunu bildirsə də, neft Rusiyanın Qara dənizdəki Novorossiysk limanından yüklənib" . Yəni, Albaniya mətbuatı belə qeyd edilən qalmaqallı məsələdə Azərbaycanın adının çəkilməsinə təəccüblə yanaşır.
Bu məsələyə də aydınlıq gətirək.
Albaniya polisi hadisə ilə bağlı ilkin məlumatı 20 fevral 2023-cü il tarixində rəsmi facebook səhifəsində yayıb.
Məlumatda hadisə haqda qısa arayış verilib və qeyd olunub ki, Durresdə fəaliyyət göstərən polis strukturları, xüsusilə də Durresdəki İqtisadi və Maliyyə Cinayətləri Bölməsinə çox böyük miqdarda neft qaçaqmalçılığı ilə məşğul olan Liberiya bayraqlı gəmi haqqında məlumat daxil olmuşdur. “Bu məlumat əsasında “Embarqo” kodlu polis əməliyyatı təşkil edilib və əməliyyat çərçivəsində Liberiya bayraqlı gəminin saxta sənədlərlə Albaniyaya neft daşımasının qarşısı alınıb. İlkin istintaq hərəkətlərində bu daşımalarının neft embarqosu olan ölkələrdən, konkret olaraq Rusiyadan aparıldığı ehtimal edilir. Gəminin Azərbaycandan yola düşməsi, daha sonra Yunanıstanın Kallamata limanında başqa bir gəmidən 22500 ton dizel yanacağı həcmində neftlə yükləndiyi iddia edilir.”
Coğrafiyadan məlumatı olmayanlar üçün bildirək ki, Azərbaycanın Qara dənizlə birbaşa coğrafi bağlılığı yoxdur. O səbəbdən belə bir iddia ilə çıxış etməyin 2 izahı ola bilər. Ya istintaqçıların adi coğrafi bilikləri yetərli deyil, ya da hansısa məqsədli yayılan dezinformasiya ssenarisinin iştirakçısıdır.
Əvvəla, Azərbaycanın dəniz donanmasının ölkə üzrə 52 tankeri var ki, bunların 20-si neft və neft-yanacaq məhsulların daşınmasında iştirak edir. Yəni, Azərbaycanın Xəzər Dəniz Donanmasına məxsus tankerlərin öz neftini daşıması üçün iş qrafiki o qədər sıxdır ki, öz işlərini kənara qoyub, Rusiya neftini daşıması real görünmür.
İkincisi, Xəzər Dəniz Neft Donanmasına məxsus tankerlərin Xəzər dənizi ilə beynəlxalq limanlara daşıdığı yüklərin bütün təyinatı və coğrafi marşrutları məlumdur. Hər bir gəminin adı, sinfi, bayrağı, mənşə ölkəsi, karqo imkanları və s. göstəricilər əks olunur. Əgər Albaniyanın hüquq-mühafizə orqanlarının Durres şəhərində saxladığı gəmi-tanker Azərbaycana məxsusdursa adını və mənşə ölkəni niyə bəyan etmirlər? Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilərin beynəlxalq liman nömrəsi, Azərbaycan bayrağı altında üzdüyü niyə göstərilmir?
Üçüncüsü, Azərbaycan tankerləri beynəlxalq sertifikat əsasında dəniz və okeanlardan keçməklə beynəlxalq limanlara çıxır. Albaniyanın yerləşdiyi ərazi Aralıq dənizi sahilindədir. Tankerlərin Aralıq dənizinə gedib çıxması üçün Qara, Egey, Adriatik və digər dənizlərdən, boğaz və limanlardan, ölkələrdən keçməsi lazımdır. Bütün bu hərəkət marşrutları həmin ölkələrin yurisdiksiyasında olduğundan hərəkət istiqamətləri dəniz administrasiyaları və Beynəlxalq Dəniz Administarsiyası tərəfindən qeydə alınır. (Əvvəlki faktlarda bunun necə həyata keçirildiyi göstərilib-red.) İndi isə ortaya sual çıxır, beynəlxalq sertifikat əsasında üzən Azərbaycana aid tankerin 4-5 dəniz və limanlardan qanunsuz keçməsi və yük qəbul etməsi-daşıması niyə qeydə alınmayıb? Ümumiyyətlə belə bir hal mümkündürmü? Xeyr!
Nəticə:
- Qeyd edilən faktlar- peyk görüntüləri, fotolar, sənədlər təsdiq edir ki, bu qalmaqallı hadisədə Azərbaycanın iştirakı haqda informasiya saxtadır.
- Novorossiysk limanından yüklənən nə neftin, nə də yolda yükü dəyişdirilən gəminin Azərbaycana heç bir aiddiyatı yoxdur.
-Azərbaycanla bağlı saxta məlumat yayan Albaniya polisi üzr istəməli, adıçəkilən media qurumlar isə təkzib verməlidilər.