Sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir. Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb.
Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir ki, bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.
Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.
Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az saytından, AZAL-ın rəsmi kassalarından onlayn əldə edə, həmçinin [email protected] elektron poçt ünvanı və ya +994(55)204 65 54 nömrəsi vasitəsilə Whatsapp mobil təqbiqi üzərindən əlaqə mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.