8 Yanvar 2015 15:38
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliməmməd Nuriyev: “Qaydalar pozulduqda bizə müraciət edin!”

Yanvarın 8-də Azərbaycan Dillər Universitetində qış imtahan sessiyası ilə bağlı keçirilən imtahan proseslərindən biri qeyri-hökumət təşkilatının bir qrup nümayəndəsi izləyib.

ADU-nun ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentindən Teleqraf.com-a verilən məlumata görə, universitetin rektoru Səməd Seyidovun 4 noyabr 2014-cü ildə universitetdə imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb. 100 saylı əmrinin müvafiq bəndinə əsasən, imtahanlar QHT üzvləri və tələbələrin valideynləri, o cümlədən ictimai təşkilat nümayəndələri tərəfindən müşahidə edilə bilər. Departament əməkdaşlarının universitetə dəvəti çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, universitetdə yaradılan Operativ Qərargahın üzvləri və valideynlərin iştirakı ilə universitetdə imtahanların gedişi izlənilib.

İzləmə prosesində Operativ Qərargahın rəhbəri, Kurrikulum və Keyfiyyətə nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədova, qərargah üzvü, ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, Pedaqoji (ingilis dili və alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev, İctimaiyyətlə Əlaqələr Departamentinin müdir əvəzi Şəfaqət Kazımova və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Mələkxanım İsmayılovanın (144a), Nərminə Quluzadənin (149) və Rəvan Mürsəlovun (453) valideynləri iştirak edib.

Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin I və III kurslarında, eyni zamanda Pedaqoji fakültənin (ingilis dili və alman dili) II kursunda keçirilən imtahanların izlənilməsi zamanı ADU-nun Tədris işləri üzrə prorektoru Vazeh Əsgərov Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq bütün təhsil müəssisələrində, o cümlədən ADU-da imtahanların vaxtından əvvəl başladığını bildirib. İmtahanların obyektiv, düzgün və şəffaf keçirildiyini deyən V. Əsgərov imtahanların izlənilməsində universitetin ictimai təşkilatlar üçün açıq olduğunu qeyd edib.

Əliməmməd Nuriyev Korrupsiyaya Qarşı Mübarizə Şəbəkəsinin fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verərək QHT nümayəndələrini onlara təqdim edib. O, hər il universitetin rektoru, professor Səməd Seyidovun dəvəti ilə universitetə gəldiklərini və imtahanları izlədiklərini vurğulayıb. Ə. Nuriyev imtahan prosesində qayda pozuntusu yarandığı halda onlara müraciət etməyin zəruriliyini önə çəkib.

İmtahan sualları ilə maraqlanan Əliməmməd Nuriyev aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini qeyd edib.

Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini, heç bir qayda pozuntularının olmadığını və lazımi şərait yaradıldığını bildiriblər.

Xatırladaq ki, dekabrın 27-də Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verilib. Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun 4 noyabr 2014-cü il tarixində imzaladığı 100 saylı əmrinə əsasən, dekabrın 27-dən yanvarın 18-dək universitetdə qış imtahan sessiyası keçiriləcək. Qış imtahan sessiyası 5 fakültənin (Pedaqoji (ingilis dili və alman dili), Pedaqoji (ingilis dili və fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə sessiya müddəti dekabrın 22-dən yanvarın 26-dək müəyyən edilib.

Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb.

Qeyd edək ki, dekabrın 27-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov universitetdə qış imtahan sessiyasının başlanması münasibətilə Pedaqoji (ingilis dili və fransız dili) fakültəsində IV kursda keçirilən imtahanların gedişini izləyib.

Xatırladaq ki, 2015-ci ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar olaraq bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının 2015-ci il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi məktub göndərib. Məktuba uyğun olaraq ADU – da dərslər 26.12.2014-cü il tarixində bitib, qış imtahan sessiyası 3 həftə davam edəcək və qış tətili 1 həftə olacaq .

Qeyd edək ki, imtahanların gedişi izləndikdən sonra QHT nümayəndələri Pedaqoji (ingilis dili və alman dili) və Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültələrində imtahan yazı yoxlama otaqlarına baxış keçiriblər.

NİGAR


Müəllif:

Oxşar xəbərlər