Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, yanğın zamanı 2-si azyaşlı olmaqla 20 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Həmçinin, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə nəzarətsiz ərazidə batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.