15 İyul 2023 21:45
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhid mayor Vüsal Vəliyevin doğum günüdür.

Teleqraf.com xəbər verir ki, qəhrəman şəhidimizin xatirəsi dəfn olunduğu Şərur şəhər Şəhidlər xiyabanında anılıb.

Şəhid mayor Vüsal Vəliyevin məzarı ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsinin rəisi polkovnik Həsən Məmmədov, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görüləcək işlərdən bəhs edərək bildirib ki, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri şəhid ailələrinin və qazilərin sosial qayğılarının diqqətdə saxlanılmasıdır.

Digər çıxış edənlər şəhid Vüsal Vəliyevin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə torpaqlarımızın düşməndən azad edildiyini bildiriblər.

Şəhidin qohumlarından olan balaca fidanlar mayor Vüsal Vəliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Sonra şəhidin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Şəhid Vüsal Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olub. Beyləqan, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl rayonlarında Murovdağ silsiləsində xidmət keçən Vüsal Vəliyev 2016-cı ildə aprel döyüşlərinin qəhrəmanlarından olub. O, hərbi xidmət dövründə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Əfqanıstanda sülhməramlı missiyaya görə" medalı ilə təltif edilib.

Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Şuşaya qədər şanlı döyüş yolu keçib. Noyabrın 9-da hərbi əməliyyatlar yerinə yetirən zaman qəhrəmancasına şəhid olub.

Vüsal Vəliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən isə "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin qəhrəman hərbçimiz döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə "İgidliyə görə" medalı və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər