Bu gün Azərbaycanla Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.
Teleqraf.com xəbər verir ki, bu fikirləri müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev avqustun 30-da Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.
Türkiyənin Zəfər bayramının qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən Kərim Vəliyev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdıran general-polkovnik deyib:
“Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".