Qafqaz İslam Ordusu 105
Türkiyənin I Dünya müharibəsindəki məğlubiyyətindən sonra Bakını işğaldan azad edən Qafqaz İslam Ordusu Mudros müqaviləsinə görə Azərbaycanı tərk etməli idi. Buna görə də Azərbaycan hökumətinin qərarı ilə Osmanlı zabit və əsgərlərinə Azərbaycan ordusunda qalıb fəaliyyət göstərmək imkanı verildi. Ordu komandanı Nuri paşa da bir müddət bu statusda fəaliyyət göstərdi, lakin qısa zaman sonra geri qayıtmalı oldu. Amma Azərbaycanda qalıb, burada ailə həyatı quranlar da oldu. Onlardan biri də Hüseyn Mümtaz əfəndi idi.
Hüseyn əfəndi yaralandığı üçün bir müddət Ağdaşın Sadavat kəndində qalıb, birinci həyat yoldaşı vəfat etdiyi üçün Yaxşı adlı azərbaycanlı qadınla evlənib. Onların Kamal və İhsan adlı iki övladı dünyaya gəlib.
Həmin övladlardan biri, Qarsın tanınmış kişilərindən olan İhsan Özköseli bəy “Bir ömrün döngələri” adlı xatirələrində ailəsinin bu dövrdəki həyatı haqqında belə bəhs edib: “Mən 1932-ci ilin avqust ayında Ağdaşın Sadavat kəndində doğuldum. Anam həmin kənddə yaşayan sadə bir ailənin qızı idi. Altı yaşım olana qədər atam Azərbaycanda bu kənddə yaşadı. Atam 1918-ci ildə Ərzurumda əsgərliyə aparılıb. Ənvər paşanın ordusuna qatılıb. Allahu-Əkbərdə, Qarsda və Qarakilsədə aparılan döyüşlərdə iştirak edib. Bakı uğrundakı döyüşlərdə bir şarapnel parçası çənəsinə dəyib, ağır şəkildə yaralanıb. Altı ay müddətində Bakıda xəstəxanada müalicə alıb. O ərəfədə Ənvər paşanın ordusu məğlub olunca atam da bir-iki dostu ilə birlikdə Ağdaş rayonuna gedib və oranın Sadavat kəndində anamla evlənib. Bu kənddə yaşamağa davam edib”.
İhsan bəy mətbuata verdiyi müsahibəsində Ağdaşdakı günləri haqqında maraqlı bilgilər verib: “Atam 9 kilometr yolu Ağdaşda piyada gedərdi. Xurcunla gündəlik ehtiyacını alardı, çiyninə atıb gedərdi. Qardaşımla mənə şəkər, mandarin alardı. Biz də kənddən çıxıb çinar ağacının dibində onu gözləyərdik”. (chaikhana.media/az)
Repressiyadan qaçış
Hüseyn Mümtaz əfəndi Ağdaşda yaşadığı müddətdə Sadavatın və digər qonşu kəndlərin din işləri ilə də məşğul olub. Amma bolşeviklərin işğalından sonra din əleyhinə mübarizə şiddətləndiyi üçün növbə bu ailəyə də çatıb. Ağdaşda 20 kəndin din xadimi olan atası 1938-ci ilin avqustunda Azərbaycanı tərk edib. İhsan bəy xatirələrində bu barədə yazıb: “Sovet Rusiyasında Stalin dönəmindəki kommunizmin hər keçən gün insanlar üzərindəki amansız təzyiq rejimindən təsirlənən atam çarəni ana vətəni olan Türkiyəyə qayıtmaqda görür. Moskvaya gedərək türk səfirliyimizdən pasportlarımızı alır və 1938-ci ilin oktyabr ayında anam və iki uşağı ilə birlikdə Leninakana gəlir. Bizi Qarsa aparacaq qatara yerləşmədən öncə gömrük müayinəsi zamanı ermənilər hər şeyimizi əlimizdən alırlar. Təkcə ikiqat yatağımıza icazə verirlər. Belə bir çarəsiz halda Qarsa gedəcək qatara yerləşirik. O gecə Qars stansiyasına çatırıq. Stansiyada olan insanların himayələrinə sığınmaqdan başqa heç bir şansımız yoxdu. Başda stansiyanın müdiri Nuri bəy olmaqla bizi bağırlarına basırlar. Bizi günlərlə, həftələrlə evlərində qonaq edirlər. Bir müddət sonra stansiya müdiri stansiyadakı boş bir bufetin sərmayəsini də taparaq işlətmək üçün atama verir”.
Ailə Qarsda soyad qanununa görə Özköseli soyadını qəbul edib. Çətinliklər səbəbindən İhsan bəy 9 yaşında məktəbə başlayıb.
İhsan bəyin yazdığına görə, ailə Yeniməhəllədə zəruri əşyaları olan Abdullah bəyin torpaq damlı bir evini kirayə edib. Ataları ilə yanaşı hər iki qardaş gecələr stansiyada tort və nanə şəkəri sataraq evlərinə dəstək olublar. Bir il sonra ailə Stansiya məhəlləsində çobankərəli Məşədi Həsənin evində kirayədə qalıblar. Məşədi Həsən və həyat yoldaşı Əfruz xanım onlara diqqət və qayğı göstəriblər.
Bir neçə il sonra Hüseyn Mümtaz əfəndi Stansiya məhəlləsində Xəlil Akçaya aid olan məhəllə dükanını kirayələyib. Dükan geniş olduğu üçün ailə özü də ona bitişik olan bir tikilidə yaşayıb. Ailənin rifaha çatdığı bir məqamda Hüseyn Mümtaz əfəndi 1945-ci ildə 63 yaşında vəfat edib. Atasının ölümündən sonra keçirdikləri ağır günlər barədə İhsan bəy xatirələrində belə yazıb: “1945-ci il idi. 12 yaşında idim. Dördüncü sinifdə oxuyurdum... Atam 9 ay xəstə yatağında qaldı. 20 sentyabr 1945-ci ildə vəfat etdi. Maddi imkanımızı tamamilə itirdik. Atamın ölümü ilə birlikdə 9 aylıq kira borcu bizə miras qaldı. Çörəyə də möhtac idik... Qonşularımızın köməyi ilə həyatda qala bildik. Mərhum Xəlil əmi borcumuzu sildi... Xəlil əmi mənə stansiyada ayaqqabı boyamaq işinə düzəltdi. Hər sabah saat 7-dən 9-un yarısına qədər stansiyada ayaqqabı boyadım”.
Sonrakı illərdə İhsan bəyə Qarsın məşhur azərbaycanlılarından olan Çingiz Əsgəran bəy dəstək olub. İhsan bəy bir müddət futbolla da maraqlanıb. Daha sonra uzun illər bankda işləyib, oradan təqaüdə çıxıb. 2012-ci ildə İstanbulda nəşr etdiyi xatirələrində ayaqqabı boyaçılığından bank işçisi olduğu dönəmə qədər həyatındakı təlatümləri qələmə alıb.
Özköseli Faizə xanımla evli idi, övladı olmayıb.
75 il sonrakı görüş
Hüseyn Mümtaz əfəndi Sadavatdan sonra Şamsavat, ardınca Xosrov kəndində yaşayıb. 2013-cü ildə İhsan bəy ailənin ən son yaşadığı Xosrov kəndinə gələ bilib. Orada anasının qohumlarından, ondan altı yaş böyük olan Səkinə nənə ilə görüşüb. Anadolu agentliyinə verdiyi müsahibəsində İhsan bəy həmin görüşlə bağlı təəssüratlarını bölüşüb: “75 il sonra ana vətənə - Azərbaycana getmək fürsətim oldu. Son dəfə yaşadığımız Xosrov kəndinə getdik. Oradakı mənzərə çox həzindi. Göz yaşlarım yanağımdan sel kimi axırdı. O qısa müddətdə yaşadıqlarımdan doymadım. Ürəyimi Azərbaycanda qoyaraq ağlayaraq ayrılmaq məcburiyyətində qaldım. Orada uşaqlıqda tanıdığım tək bir insanı görə bildim. Hamısı dünyasını dəyişmişdi. Anamın əmisi oğlunun qızı, məndən altı yaş böyük bir xanım əfəndi ilə qarşılaşdım. Onu görüncə göz yaşlarım selə döndü. Oradakılar da ağladılar. 86 yaşında, bir dəri, bir sümük qalmış o xanım oturduğu yerdən mənə “getmə” deyirdi. “Getmək məcburiyyətindəyəm, amma yenə qayıdacağam” dedim. “Gələcəyinə inanıram, amma yoldaşını da gətir” dedi. Qardaşım Kamalı soruşdu, onlar həmyaşıddı. “Onu niyə gətirmədin?” dedi. “O vəfat etdi” deyincə çox üzüldü. Həmin iztirab bütün ağrıları ilə təkrar yaşandı...”.
Qeyd edək ki, İstanbul Türkiyə Azərbaycan Dərnəyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan bu görüş videolentə də yazılıb.
“Space” TV-yə müsahibəsində İhsan bəy Azərbaycana səfəri ilə bağlı bunları danışıb: “Təyyarədən düşən kimi Azərbaycan torpağını öpdüm, ağladım. İçimdə olan dağ boyda həsrətə azacıq da olsa bir sərinlik gəlmişdi. Azərbaycan havasını ciyərlərimə çəkəndə ğöz yaşlarım sel oldu... İnanın ki, Azərbaycanda keçirdiyim hisslərimi sözlərlə ifadə edə bilmirəm. Dayanmadan ağlayırdım. Əvvəlcə Şəhidlər Xiyabanına getdim, orada Bakını erməni-bolşevik işğalından azad edilməsi zamanı şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidəni ziyarət etdim. Onların hamısı atamın yaxın dostları idi. Bundan sonra məni Ağdaş rayonuna apardılar. Son olaraq çıxdığım Xosrov kəndinə getdim. Qapıdan içəri girəndə bir yaşlı qadın “İhsan, İhsan sənmi gəldin” deyib məni qucaqlayıb ağladı. O, anamın əmisi qızı idi. Onunla uşaq vaxtı oyun oynayırdıq. Məni unutmadığına çox təəccübləndim. O qədər əvəzolunmaz hislər yaşdım ki, sözlə ifadə edə bilmirəm. Kimi soruşdum, hamısının vəfat etdiyini dedilər. Mən paramparça olmuş bir həyat yaşamışam. Kəndə bir yol, kənarında su arxı, yanında da bizim evimiz var idi. Həmin evlər zamanla sökülüb və artıq su arxı da yoxdur. Ancaq doğulduğum kəndə gedə bilmədim. Ağdaşın Sadavat kəndində anamın yaxınları, doğmaları yaşayırdı. Biz tez-tez həmin kəndə gedirdik, onlar bizə gəlirdi”.
İhsan bəy 27 oktyabr 2021-ci ildə vəfat edib.