10 Oktyabr 2023 09:23
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci illərdə Azərbaycanda müxtəlif peşə yönümlü məktəblər, texnikumlar fəaliyyət göstərib. Bu təhsil ocaqlarında kasıb insanların dolana bilmələri üçün zəruri sahələr öyrədilib, müxtəlif ixtisaslara yiyələnmələri üçün imkanlar yaradılıb.

Sovetlərdə baş verən hadisələri yaxından təqib edən Türkiyə hökuməti həmin illərdə Azərbaycandakı peşə məktəblərinin fəaliyyətinə də diqqət göstərib. Belə ki, hökumət Azərbaycanda hansı növ məktəblərin olduğunu öyrənmək üçün Bakıdakı konsulluqlarından məlumat öyrənib, əldə edilən bilgini Maarif Vəkalətinə göndərib. Buna görə də Türkiyə dövlət arxivində Xariciyyə Vəkaləti Müdiriyyətinin Maarif Vəkalətinə göndərdiyi 04.11.1929-cu il tarixli maraqlı sənəd mövcuddur. Bu sənəd o dövrdə Bakıdakı məktəblərin tarixinin öyrənilməsi ilə bağlı maraqlı faktları ehtiva etdiyi üçün arxivimizdəki vəsiqələrlə birlikdə təqdim edirik.

***
Azərbaycan məktəbləri haqqında

Rusiya İttihadı Hökumətinin məmləkətdə daha ziyadə əməli və məsləki təhsilə əhəmiyyət verdiyi görülməkdədir. Rusiyada və eləcə də Azərbaycanda mövcud olan, “texnikum” adlanan məktəblər bu məqsədlə təsis ediliblər. Həmin yerlərdə uşaqlara orta təhsildən bir az daha çox məlumat verilir, uşaqların ixtisas sahibi olaraq və ali təhsil almadan həyatlarını orta dərəcədə qazana bilmələri məqsədi ilə yaradılıb.

Ümum texnikumlar iki ehtiyat və dörd əsas siniflərdən mürəkkəbdir. Yeddi illik təhsili olanlar, yəni tam dövrəli bir ibtidai məktəbi bitirənlər birinci əsas sinfə, aşağı təhsili olanlar birinci ehtiyat sinfə qəbul edilirlər.

Azərbaycanda mövcud olan texnikomlar bunlardır:

1 – “Nərimanov” texnikumu

Bu texnikumun elektrik/mexanika; inşaat, yol və körpü; neft kimi şöbələri vardır. Bu texnikumu bitirənlər imtahansız politexnikumun mühəndislik qisminə qəbul edilirlər.

Təhsilinə davam etmək istəməyənlər fabrik və emalatxanalarda orta ixtisaslı fənn məmuru və ya mühəndis müavini olaraq çalışa bilirlər.

2- “Ağamalı” texnikumu

Bu texnikumun meşəçilik, aqronomluq və sulama şöbələri vardır.

Buranın məzunları da imtahansız politexnikumun ziraət qisminə girə bilirlər. Təhsilə davam etmək istəməyənlər orta ziraət məmuru olaraq qəzalarda ziraət və meşə işlərində istifadə olunurlar.

3 – “Pedaqoji” texnikum

Bu texnikumun məzunları da digər texnikum məzunlarının sahib olduqları şəraitə və ilk məktəblərdə müəllimlik etmək haqqına sahibdirlər.

4- Teatr texnikumu

Səhnə üçün artist və klubların bədii qismləri üçün rəhbər yetişdirir.

5- Musiqi texnikumu

Bu da teatr texnikumu kimi teatrlara artist və klubların bədii qisimlərinə rəhbər yetişdirir. Bu texnikumun məzunları konservatoriyaya girmək haqqına sahibdirlər.

6- Kooperativ texnikumu

Dükan satıcısı, dükan müdiri və kooperativ işlərində rəhbər yetişdirir.

7- Əczaçılıq texnikumu

8- Diş institutu

Diş həkimi, diş texnikləri yetişdirir. Təhsili üç illikdir. Buraya 9 illik orta təhsili olanlar qəbul edilirlər.

9- Rəsm texnikumu

İki şöbədən ibarətdir: a) Məktəblər üçün rəsm müəllimi yetişdirir; b) Rəssam yetişdirir.

Bu il əlavə olaraq toxuculuq şöbəsi açılacaqdır.

10- “Əli Bayramov” qadın sənaye texnikumu

Buraya çox az təhsili olan türk qadınları qəbul edilirlər. Burada hər cür tikiş, xalıçılıq, pinəçilik, qutuculuq, səbətçilik və digər irili-xırdalı şeylər öyrədilir. Burada hər şey xüsusilə əməli və tətbiqi bir surətdə öyrədilir.

Bunlardan başqa bəzi qəzalarda, o cümlədən Gəncə, Nuxa, Şuşa və Zaqatalada texnikumlar vardır.

***

Beləliklə, ehtimal ki, Türkiyə hökuməti Sovet İttifaqı ilə münasibətlər çərçivəsində həyata keçirilən inqilablarda, islahatlarda müttəfiqinin də sistemini öyrənmək istəyib.

Şəxsi arxivimizdə Nərimanov adına texnikuma aid bir vəsiqə, Ağamalıoğlu adına texnikumun tikildiyi dövrə aid fotoşəkil mövcuddur.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər